Paşinyan Qarabağla əlaqədar əsas səhvini açıq etiraf etdi – “o zaman etmədim, indi edəcəyəm”...
Elşad Həsənov: “Xəstə erməni cəmiyyəti elə hesab edirdi ki, işğal olunan ərazilər geri qaytarılmamalıdır”
“2018-ci ildən Dağlıq Qarabağla bağlı ən böyük problem ondan ibarətdir ki, 2018-ci ilin aprelində artıq elə vəziyyət yaranmışdı ki, Ermənistan istər-istəməz ya güzəştə getməli, ya da müharibə etməli idi”.
Bunu Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib: “Özümə sual verdim: yaxşı, əgər bu güzəştə getsək, növbəti güzəştə getsək, güzəştlər prosesi harada dayanacaq? Bu suala cavab verə bilmədim. İndi bu suala cavabım varmı? Bəli, var, bu sualın cavabı belədir - Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir”.
Paşinyanın fikrincə, o zaman bunu qəbul edib, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət kimi tanınması, onun təkcə erməni yox, həm də azərbaycanlı sakinlərinin olması, birgə idarəçilikdə olması düzgün olardı: “Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. Mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. Mən özümü buna inandıra bilmədim. Bu mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Mən öz üzərimə götürməsəm, başqa heç kim götürməz. Bu mənim borcumdur”.
Görünən odur ki, Paşinyan Qarabağla əlaqədar əsas səhvini açıq etiraf etdi. Zamanında güzəştə getməyi bacarsaydı, buna cəsarəti çatsaydı, indiki acınacaqlı duruma düşməzdilər. Ancaq o zaman etmədiyini bu dəfə etməkdə qərarlıdır.
“Belə görünür ki, Nikol əvvəlki səhvlərdən nəticə çıxararaq ciddi addımlar atmaqda qərarlıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, artıq Paşinyan gec də olsa səhvlərini etiraf edir: “Bu, acı bir etirafdır. Ancaq məsələ ondadır ki, o zaman bunu edə bilməzdi. Ona görə ki, o dəqiqə onu xain elan edərdilər. Çünki xəstə erməni cəmiyyəti elə hesab edirdi ki, işğal olunan ərazilər geri qaytarılmamalıdır. Hətta elə qüvvələr var idi ki, bir metr ərazinin belə, qaytarılmasına qarşı idi. Aprel döyüşlərində əldə olunan lokal uğur ermənilərə dərs olmadı. Bütün bunlardan nəticə çıxarıb reallıqları demək əvəzinə, 2019-cu ilin avqustunda Paşinyan Xankəndidə dedi ki, “Qarabağ Ermənistandır, nöqtə”. Bununla da danışıqlar prosesi dayandı. Daha sonra bunun cavabını Azərbaycan döyüş meydanında verdi. 1994-cü ilin mayında atəşkəs razılaşması əldə olunanda Azərbaycan Qarabağ ermənilərinə ən yüksək status verməyə hazır idi. Bunu dəfələrlə Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib. Ancaq ermənilər bununla razılaşmayaraq daha çox şey istədilər. Onlar ATƏT-in Minsk Qrupunun ermənilərə tərəf olduqlarını bilərək ətraf 7 rayonu belə qaytarmaq istəmirdilər. O dərəcədə maksimalist mövqedən çıxış edirdilər. Elə hesab edirdilər ki, status-kvo belə davam edəcək və əvvəl-axır Azərbaycan işğal amili ilə barışmağa məcbur olacaq. Təbii ki, Azərbaycan xalqı heç vaxt buna razı olmazdı. Prezident İlham Əliyev ərazilərin işğaldan azad edilməsi üçün gecə-gündüz çalışdı, xalqı öz ətrafında birləşdirdi. Ən başlıcası, güclü ordu yaratdı, ordunu ən müasir silahlarla təmin etdi. Əsgər və zabitlərimiz NATO standartlarına uyğun olaraq hazırlandı. Ən nəhayət, öz ərazilərimizi hərb yolu ilə azad etdik. İndi prosesləri təhlil edəndə deyirik nə yaxşı ki, əvvəlki şərtlərlə ərazilərimiz azad edilmədi. Çünki muxtariyyat alan ermənilər sakit durmayacaqdılar. Onların bir məqsədi var idi – Ermənistanla birləşmək. O dərəcədə ermənilərin iştahı böyük idi. Belə görünür ki, Paşinyan əvvəlki səhvlərdən nəticə çıxararaq bundan sonra ciddi addımlar atmaqda qərarlıdır. Çünki o yaxşı bilir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və bu reallıqla hesablaşmaq lazımdır. Anlayır ki, sülh müqaviləsi imzalanmasa, Azərbaycan Zəngəzuru, Göyçəni belə geri ala bilər”.
Vidadi ORDAHALLI