Avtobus yoluna çıxanların cəriməsi 40-dan 100 manata qaldırılır - fikirlər haçalandı...
Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulur. Məlumat üçün bildirək ki, hazırda bu cərimə 40 manatdır.
Qeyd edək ki, cərimələrin artması ictimaiyyət arasında fikir fərqliliyinə səbəb olub.
Aslan Əsədov: “Cərimələrin artrılmasını sonrakı mərhələdə həyata keçirmək daha məqsədəuyğun olar”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, avtobus zolaqlarına daxil olan sürücülər üçün cərimənin 40 manatdan 100 manata qaldırılması daşıyıcılar üşün xüsusi şəraitin yaradılması deməkdir: “Yəni dövlət artıq ictimai nəqliyyatın predmetlərini üstün tutacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, həmin zolaqlardan tək avtobuslar deyil, təcili tibbi yardım, xüsusi sayrışan işıqları olan nəqliyyat vasitələri də istifadə edir”.
A.Əsədovun fikrincə, sözügedən məsələlərə görə maarifləndirmə işlərinin aparılması daha vacibdir. Cərimələrin artrılmasını sonrakı mərhələdə həyata keçirmək daha məqsədəuyğun olar.
Rauf Ağamirzəyev: “ Cəzaların sərtləşdirilməsi zamanın və dövrün tələbidir”
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, qaydaların işlək olması üçün nəzarətin güclü olması şərtdir: “Danılmaz faktdır ki, fərdi nəqliyyat vasitələri digər hərəkət iştirakçılarının hərəkətinə əngəl törətdir. Cəzaların sərtləşdirilməsi zamanın və dövrün tələbidir. Cərimələr hiss edilməlidir. Biz zaman-zaman sosial şəbəkələrdə insanların bu yöndəki çağırışlarını müşahidə edirik. Düşünürəm ki, insanlar bu dəyişiklikləri anlayışla qəbul etməlidir. Nəqliyyatdan istifadə edənlər digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalıdır. Onların hərəkət sahəsinə girməməlidir. Qaydanı pozubsa, cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA