"Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik" - Minskdən Paşinyana cavab gəldi...
Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski Ermənistanın baş naziri Nikol Paşinyanın Belarusla bağlı qalmaqallı açıqlamasına münasibət bildirib. Şpakovski "Telegram" kanalında yazıb ki, Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv açıqlamalarını sakitliklə dəyərləndirir.
Diplomat vurğulayıb ki, Minsk Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də oxşar yanaşmalar gözləyirik. Eyni zamanda, Şpakovski tərəfdaş və müttəfiqlərin seçilməsinin Minsk üçün suveren məsələ olduğuna deyib.
"Bu halda “ya, yaxud” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik" - deyə Şpakovski bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Paşinyan Lukaşenkonu 44 günlük müharibədə Azərbaycana dəstək verməkdə ittiham edib və Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətcə nə özünün, nə də başqa bir başqa dövlət rəsmisinin Belarusa səfər etməyəcəyini deyib.
TAHİR