Paşinyan ABŞ rəsmisi ilə görüşdükdən bir gün sonra Ermənistanın KTMT-dən çıxacağını bəyan etdi - Təsadüfmü...
Ermənistan 2002-ci ildə Rusiyanın rəhbərliyi ilə yaradılan və o zaman “NATO-ya rəqib” kimi şərh edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında buna görə məsuliyyət daşıyanların ittifaqı yaradanlar olduğunu, yəni dolayısı ilə Rusiyanı ittiham edib.
Deputatların Ermənistanın KTMT-dən çıxması zərurəti ilə bağlı reaksiyasına cavab verən baş nazir deyib: "Çəkiləcəyik, məni bunlarlamı qorxudursunuz? Biz yaxşı gedirik, nə vaxt çıxacağımıza biz qərar verəcəyik. Sizcə növbəti addım nədir, geri qayıdacağımızı düşünürsünüz? Narahat olmayın”.
Uzun müddətdir təşkilatdan uzaqlaşdığını hər addımda hiss etdirən Ermənistan bu yaxınlarda KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “2024-cü il büdcə” qərarı və bu qərarda nəzərdə tutulan fəaliyyətin maliyyələşdirilməsində iştirakdan imtina etdiyini açıqlamışdı. İrəvan KTMT büdcəsindəki payını ödəməkdən imtina etdikdən sonra Moskva ilə aralarında gərginlik daha da artıb.
Moskva Ermənistanın KTMT-dən çıxmasının, bu ölkəni Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyən ABŞ və Avropa İttifaqının planı olduğunu iddia edir. Kreml bütün bu problemlərə baxmayaraq, erməni tərəfi ilə təkcə KTMT çərçivəsində deyil, həm də ikitərəfli səviyyədə təmaslara hazır olduqlarını bildirir.
Qeyd edək ki, Paşinyan iyunun 11-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşüb. Paşinyanın KTMT-dən çıxmaq açıqlamasını, bundan bir gün əvvəl Ermənistanın “ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını” bəyan etməsindən sonra verməsi də diqqət çəkir.
Tahir TAĞIYEV