"Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir"-Nəzakət Məmmədova
"Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanları Elşad Yəhyayev, Mikayıl Cəbrayılov, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılov, Xalq şairi Bəxtiyar Vahabzadə, professor Şirməmməd Hüseynov, yazıçı-dramaturq Mirzə Fətəli Axundov, yazıçı Sabit Rəhman, bəstəkar Emin Sabitoğlu və yüzlərlə şəxsiyyətlər yetişdirmiş qədim Şəki şəhərində keçiririk".
Bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Şəki Şəhər Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatında bildirib.
N. Məmmədova məlumat üçün bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. "Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir" - deyə N.Məmmədova qeyd etdi.
İradə SARIYEVA
Şəki