Un 32 manat oldu - İqtisadiyyat Nazirliyi hərəkətə keçdi...
Akif Nəsirli: “Görüşün təşkil olunmasının səbəbi unun satış qiymətinin süni şəkildə qaldırılmasıdır”
Son günlər Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Ötən ayla müqayisədə unun topdansatış qiymətində artım qeydə alınıb. Son bir ayda 25 manat civarında olan 50 kiloqramlıq un qiymətləri 32 manata qədər yüksəlib.
Elə bu məqsədlə 11 iyun tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüş keçirilib. Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.
Maraqlıdır, bu görüş unun qiymətinə təsir edəcəkmi?
“İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüşün müsbət nəticəsi ola bilər”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin unun qiymətinə təsir imkanı olmasaydı belə bir görüş təşkil etməzdi: “Görüşün təşkil olunmasının səbəbi unun satış qiymətinin süni şəkildə qaldırılmasıdır. Buğdanın qiyməti 3-5 günlük dəyişəndə dərhal un inhisarçıları qiyməti qaldırır. Əslində bu belə olmalı deyil. Hökumət inhisarçılara sərt münasibət göstərməlidir. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüşün müsbət nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, un elə bir məhsuldur ki, bütün məhsullara, əhaliyə təsir edir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda buğda və un idxalı, həm də çörək istehsalı inhisardadır: “İnhisarçılar məhsul biçininə yaxınlaşıldığını, bütün mənbələrdə buğdanın qıtlaşdığını düşünüb buğdanın qiymətinin bahalaşacağını güman edirlər. Lakin bunu güman edənlər yanılır. Ötən il dünyada buğda istehsalı dünyanın tələbatından aşağı-yuxarı 10 faiz çoxdur. Ona görə də köhnə buğda bu ilin iyul-avqust aylarına qədər bazarda öz qiymət mövqelərini sabit şəkildə saxlayacaq".
Günel CƏLİLOVA