Müstəqil siyasət belə olar - həm Rusiya ilə dostluq, həm də bu seçkini tanımamaq…
Mirkazım Seyidov: “Azərbaycan belə addımları atmaqla obyektiv mövqedə olduğunu bir da bəyan etmiş olur”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Sxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və iyunun 9-da Gürcüstanın Sxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Göründüyü kimi, Azərbaycan olduqca cəsarətli mövqe ortaya qoyur. Çünki Sxinvalidə seçki keçirmək Rusiyanın iradəsinin məhsuludur. Rusiya ilə də Azərbaycan strateji müttəfiqdir. Buna baxmayaraq, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.
Həm Rusiya ilə dost olmaq, həm də onun iradəsilə keçirilən bu seçkini tanımamaq ölkəmizin müstəqil siyasi kursunun göstəricisi sayıla bilərmi?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Azərbaycan ərazi bütövlüyü problemi ilə qarşılaşdığından Gürcüstanın durumunu çox yaxşı anlayır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxın icra olunmadı. Hazırda buna bənzər vəziyyət Ukrayna, Gürcüstan, Moldova ilə bağlıdır. Biz hər zaman bu problemlərdə beynəlxalq hüquq normalarının yerinə yetirilməsini dəstəkləyirik. 30 il ərzində ATƏT-in Minsk Qrupunun səyləri nəticə vermədiyinə görə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan özü Ermənistanın işğalına cavab verməyə məcbur oldu və münaqişəni həll etdi.
İşğal edilmiş Sxinvali bölgəsində parlament seçkilərini Gürcüstan Xarici İşlər Nazirliyi tanımır. Onlar işğal olunmuş Sxinvali bölgəsində parlament seçkilərinin keçirilməsini qınayır və bəyan edir ki, bu, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur.
Azərbaycan digər işğal bölgələri ilə bağlı da konkret mövqe ortaya qoyur. Rusiya ilə münasibətlərin yüksək səviyyədə olmasına rəğmən, biz müharibənin gedişində də bəyan edirik ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Bu, bizim müstəqil və obyektiv mövqeyimizdən irəli gəlir. Azərbaycan mövqeyini açıqlayarkən bildirir ki, rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Gürcüstan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə uyğun olaraq təmin etməlidir. Bizim mövqeyimiz başqa cür ola da bilməz. Cünki biz uzun müddət ərazi bütövlüyü məsələsindən əziyyət çəkmişik. Hesab edirəm ki, bənzər problemlərdən əziyyət çəkən ölkələr üçün Azərbaycanın davranışları problemin həlli üçün “yol xəritəsi” rolunu oynamalıdır. Çünki biz həmin problemi öz gücümüzə həll etdik. Azərbaycan belə addımları atmaqla obyektiv mövqedə olduğunu bir da bəyan etmiş olur”.
Məhəmmədəli QƏRİBLİ