Özəl bağçalar sürətlə çoxalır, dövlət bağçaları azalır - imkansız ailələri nə gözləyir…
Aytəkin Kamranqızı: “Bakıda uşaq sayına uyğun bağça yoxdur”
Övladını bağçaya qoymaq istəyən valideynlər üçün iki seçim var: dövlət və özəl bağçalar. Ancaq bu seçimlərdən istifadə imkanı heç də hər valideynə qismət olmur. Dövlət bağçalarında yer olmur. Çünki dövlət uşaq bağçaları bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Özəl bağçalar isə ödənişlidir. Üstəlik, özəl bağçalarda qiymətlər “od tutub yanır”.
Orta qiymətə özəl bağça tapmaq mümkünsüzdür. Buna baxmayaraq, ölkədə özəl bağçaların sayı artır. 2023-cü ilin əvvəlində özəl bağçaların sayı 148 olduğu halda, bu ilin əvvəlində 157-yə yüksəlib. Bu rəqəmin daha da artacağı ehtimal edilir. Özəl bağçaların artmağı dövlət bağçalarının sayına təsir edir. Belə ki, dövlət bağçalarının sayı azalır.
“Müstəqillikdən sonra dövlət uşaq bağçalarının özəlləşdirilməsi, fəaliyyətini dayandırması və infrastrukturdakı geriləmələr valideynləri özəl bağçalara üz tutmağa məcbur etdi”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakıda uşaq sayına uyğun bağça yoxdur: “Məlumdur ki, paytaxt əhalisinin sayı ildən-ilə artır. Dövlət bağçalarının sayı yetərincə deyil. Bakıda özəl uşaq bağçalarının sayı təxminən 160-a yaxındır. Ona görə də uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır. Həmçinin özəl uşaq bağçalarında aylıq ödənişlər çox bahadır. Bakıda 400-500 manatdan ucuz bağça yoxdur. Bu məbləği ödəməyə hər valideynin imkanı çatmır. Ona görə də, dövlət özəl uşaq bağçaları ilə əməkdaşlıq etməlidir. Bu, dövlətin sosial marağında olmalıdır. Müstəqillikdən sonra dövlət uşaq bağçalarının özəlləşdirilməsi, fəaliyyətini dayandırması və infrastrukturdakı geriləmələr valideynləri özəl bağçalara üz tutmağa məcbur etdi. Azərbaycanda uşaqların bağçaya qoyulması üzrə göstərici dünyanın aparıcı dövlətlərilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində uşaqların ancaq 25 faizi məktəbə bağçalardan gəlir. Maddi-texniki baza, binalar bəs eləmir ki, digər 75 faiz bağçalara aparılsın. Danılmaz faktdır ki, bu gün Bakı şəhərində bağça tikmək üçün elə də çox yer yoxdur. Yaxşı olar ki, özəl bağçalara müəyyən güzəşt edilsin və o güzəşt qarşılığında aylıq ödənişin həcmi azalsın”.
Günel CƏLİLOVA