İqtisadiyyata ayrılan kreditin cəmi 1.6 faizi aqrarın payına düşür - kənd sektoru fəlakətə gedir...
Kamran Məmmədli: “Aqrar sektor çox böyük risqlərin olduğu sahədir”
Azərbaycan iqtisadiyyatına ayrılan kreditlərin 1,6 faizi kənd təsərrüfatına yönəldilib. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransında deyib.
O qeyd edib ki, bu, aqrar potensialın böyük olduğu Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyəyə çıxış mexanizmləri və şərtlərində müəyyən islahatların aparılmasının zərurətini göstərir.
“Etibarlı girov tələbi aradan qaldırılmalı və bunu rayonlarda fəaliyyət göstərən fermerlərdən tələb etməmək məsələsi qoyulmalıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın aqrar sektorunda kreditləşmənin zəif olmasının bir neçə səbəbi var: “Ən mühüm səbəblərdən biri budur ki, aqrar sektor çox böyük risqlərin olduğu sahədir”.
Ekspert hesab edir ki, Sahibkarlığın İnkişafına Dövlət Dəstəyi Fondu aqrar sahədə fəaliyyət göstərən sahibkarlara kreditlər ayırsa da, hamının bundan istifadə etmək şansı yoxdur: “Məlumdur ki, kredit vermək üçün etibarlı girov tələb olunur. Etibarlı girov dedikdə, ilk növbədə, Bakı şəhərində mənzil və ya digər daşınmaz əmlak nəzərdə tutulur. Əgər fermerin bu əmlakları varsa və onları girov qoya bilirsə, o zaman kredit almaq şansı yaranır. Bu məsələ fermerlər və sahibkarlar üçün çox ciddi problemə çevrilib, çünki aqrar sahənin inkişafına ciddi şəkildə mane olur. Etibarlı girov tələbi aradan qaldırılmalı və bunu rayonlarda fəaliyyət göstərən fermerlərdən tələb etməmək məsələsi qoyulmalıdır. Əslində, kənd təsərrüfatı ilə məşğul olan əhalinin əkib-becərdiyi torpaq sahəsi girov kimi götürülə bilər. Belə ki, fermer bu torpağı girov kimi göstərərək istədiyi məbləğdə kredit əldə edə bilər. Gələcəkdə bank da həmin torpaqlar hesabına özünün fermer təsərrüfatını yarada, yaxud da sata bilər. Kreditin faiz dərəcəsi də aşağı salınmalıdır”.
Günel CƏLİLOVA