İranlı “Kərim”ə işləyən 2 narkokuryer Bakıda 42 kq narkotiklə yaxalandı...
Paytaxt ərazisində keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Əli Valehov və qohumu əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıblar.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onların üzərində, ev və avtomobillərində 42 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, elektron tərəzi və narkotiklərin təmassız satışında istifadə olunan bank kartı aşkarlanıb.
Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, Ə.Valehov və E.Abdurəhimov “Kərim” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən marixuananı Siyəzən rayonunda dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Ə.Valehov və E.Abdurəhimov ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD