Banklar uzunmüddətli kreditlərdən mümkün qədər yayınır...
Əkrəm Həsənov: “Azərbaycanda bank ona pul lazım olanda tənzimləyici qurumdan kredit ala biləcəyinə əmin deyil”
Banklar uzun müddətli kredit verməkdə maraqlı deyil. Məlumdur ki, banklar adətən istehlak kreditinə üstünlük verir. İstehlak kreditinin də verilmə müddəti 3 - 5 ildir. Təcrübə göstərir ki, banklar öz vəsaitləri hesabına sahibkarlığın inkişafı üçün əhəmiyyətli olan 5-10 il müddətinə kreditlər verməyə elə də maraq göstərmir.
Qeyd edək ki, biznes xarakterli kredit uzunmüddətli xarakter daşıyır. Bu kreditlərin geri ödənişi müəyyən vaxt tələb edir. Azərbaycanın bank sektoruna daxil olan istənilən bank, sistem əhəmiyyətli bankların özləri də uzunmüddətli kredit verməkdə maraqlı deyillər. Onların hamısı istehlak krediti verməkdə maraqlıdırlar. Çünki istehlak kreditləri qısa müddətli xarakter daşıyır, onun geri ödəniş müddəti, limiti var və bunu banklar daha operativ şəkildə gəlir əldə edirlər.
“Bankların uzunmüddətli vəsaitləri az olduğu üçün onlar adətən 5 ildən artıq müddətə kredit vermirlər”
Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bankların uzunmüddətli vəsaitləri az olduğu üçün onlar adətən 5 ildən artıq müddətə kredit vermirlər: "Banklar üçün ən uzunmüddətli vəsaitlər onların nizamnamə kapitalıdır. Bu gün banklarımızın əksəriyyətinin nizamnamə kapitalı onların verdiyi kreditlərlə müqayisədə böyük deyil. Bankların vəsaitlərinin digər mənbəyi isə depozitlər və müştərilərin cari hesablarındakı vəsaitlərdir. Bu vəsaitlər də uzunmüddətli deyil, istənilən vaxt geri götürülə bilər. Banklara uzunmüddətli vəsaitləri Azərbaycan Mərkəzi Bankı verə bilər, amma bu istiqamətdə də onların imkanları məhduddur. Bank sistemi normal çalışan ölkələrdə uzunmüddətli kredit verən bank bilir ki, nə vaxtsa əmanətçilər pullarını kütləvi şəkildə geri götürmək istəsələr, o, ölkənin mərkəzi bankına müraciət edib kredit götürə biləcək. Azərbaycanda isə bank ona pul lazım olanda tənzimləyici qurumdan kredit ala biləcəyinə əmin deyil. Odur ki, Azərbaycanda uzunmüddətli kreditlər əsasən dövlət zəmanəti əsasında verilən kreditlərdir. Bunlara misal olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditləri göstərə bilərik”.
Günel CƏLİLOVA