Azad edilmiş rayonlarda Türk Birliyinin möhkəm əsasları qoyulur...
Mübariz Göyüşlü: “Türk dövlətləri Qarabağın bərpasında fəal iştirak edir, bu bizim qardaşlıq bağımızı daha da gücləndirir”
“Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük”. Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edir.
Qeyd edək ki, azad edilmiş ərazilərdə türk dövlətlərinin dəstəyi danılmazdır. Özbəkistan azad edilmiş ərazilərin bərpasında bizə qardaş dəstəyi təklif edən ilk ölkələrdən olub. Məlumdur ki, Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin şərəfinə adlandırılan 960 şagird yerlik məktəb hər iki ölkənin prezidentlərinin iştirakı ilə ötən ilin avqustunda təntənəli şəkildə açılıb.
Həmçinin, Qırğızıstan Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası inşa ediləcək.
Qardaş ölkə Türkiyənin Qarabağda gördüyü işləri isə saymaqla bitməz. Belə ki, 2021-ci ildə Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın təməlini qoyub. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Beləliklə, işğaldan azad edilmiş torpaqlarımızda da Türk dünyasının birliyini əyani şəkildə görürük. Bütün bunlar qürurvericidir.
“Vətən müharibəsi zamanı və quruculuq bərpa işlərində də türk birliyinə daxil olan ölkələrin böyük fəallığını və dəstəyini görürük”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istər torpaqlar işğal altında olan zaman, istərsə də 44 günlük Vətən müharibəsi zamanı və quruculuq bərpa işlərində də türk dövlətlərinə daxil olan ölkələrin böyük fəallığını və dəstəyini görürük: “Qazaxıstan və Özbəkistanın məktəb və mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsində rolları var. Türkiyə dövlətinə məxsus şirkətlər Qarabağda yol nəqliyyat infrastrukturunun bərpasında önəmli rol oynayır. Hətta minaların təmizlənməsində də qardaş ölkənin xüsusi dəstəyi var. Görülən hər bir iş ortadadır. Türk dövlətləri Qarabağın bərpasında fəal iştirak edir. Bu bizim qardaşlıq bağımızı daha da gücləndirir, aramızdakı münasibətləri daha da inkişaf etdirir”.
Günel CƏLİLOVA