Apteklərə elektron reseptsiz dərman satışı qadağan edilir...
Məlum olduğu kimi, yanvarın 1-dən etibarən ölkədə elektron resept sisteminin tətbiqinə başlanılıb. Bu, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Artıq elektron reseptsiz heç bir aptekdən dərman almaq mümkün olmayacaq.
Elektron resept sistemi ölkədə dərman dövriyyəsinə nəzarət baxımından da vacibdir. Maraqlıdır, elektron reseptin nə kimi müsbət və mənfi təsiri olacaq?
Adil Qeybulla: “Elektron reseptlər sui-istifadə hallarının qarşısını almaq üçün universal metoddur”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, elektron resept İcbari Tibbi Sığorta çərçivəsində dərman maddələrinin dövriyyəsinə nəzarət, onların sərfiyyatı, sərf olunan dərman maddələrinin miqdarı baxımından önəmli bir prosesdir. Bu, həkimlərin fəaliyyətinə nəzarət, yazılan reseptlərin qeydə alınması baxımından əhəmiyyətlidir: “Elektron reseptlər sui-istifadə hallarının qarşısını almaq üçün universal metoddur. Lakin elektron reseptlərin tətbiqindən sonra elə bir sistem olmalıdır ki, ona ümumi ictimai nəzarət təmin edilsin. Yəni hansısa bir xəstənin bütün məlumatları həmin sistemə daxil edilməlidir. Onun nə vaxt, necə müalicə aldığı həmin elektron reseptlərdə təsbit olunmalıdır. Bu, həkimlərin də məsuliyyətini artıracaq. Ondan başqa, müalicənin beynəlxalq standartlara uyğunluğunu təmin edəcək. Müalicə prosesi boyu mövcud olan və söz-söhbət yaradan sui-istifadə hallarının da qarşısını alacaq”.
Ekspert hesab edir ki, apteklərdə antibiotiklərin satışı birmənalı olaraq qadağan olunmalıdır: “Təəssüf ki, həkim məsləhəti olmadan dərman alıb istifadə edənlərin sayı çoxdur. Nəticədə xeyli problemlər yaşanır. Əksər ölkələrdə adətən aspirin və parasetamolu marketlərdən almaq olar. Qalan bütün dərmanlar apteklərdə resept əsasında satılır”.
Mərdan Əliyev: “E-reseptlər vasitəsilə bəzi problemlər həll olunacaq”
Həkim infeksionist Mərdan Əliyevin sözlərinə görə, mərkəzləşdirilmiş elektron resept sistemi xarici ölkələrdə də var: “Dərmanların yazılması ilə bağlı məsələyə yaxşı toxunulub. Çünki, lazım oldu-olmadı yazılır. Bəzən xəstələrin reseptinə baxanda adam dəhşətə gəlir. Hətta 10-a qədər dərman yazıblar. Onların içində antibiotiklər, qida əlavələri olur. Bu, xəstənin sağlamlığı üçün ziyandır. E-reseptlər vasitəsilə bu kimi problemlər həll olunacaq”.
Günel CƏLİLOVA