Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin direktor olmaq şansları var...
Rəşad Əliyev: “Bu qayda müəllimlər arasındakı rəqabətliliyi, keyfiyyət faktorunu gücləndirəcək”
“Direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. O bildirib ki, sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor, direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq.
Məlumdur ki, hazırda direktorların işə qəbulu test imtahanları əsasında aparılır. Direktorların işə götürülməsində yeni yanaşma dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, sertifikasiyadan uğurla keçən müəllimlər məktəbə rəhbər təyi oluna bilər?
“Yüksək bal toplayan müəllimlər hökmən direktor olmalıdır məsələsi də düzgün deyil, çünki direktorun idarəetmə bacarıqları da olmalıdır”
Təhsil eksperti Rəşad Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu qayda müəllimlər arasındakı rəqabətliliyi, keyfiyyət faktorunu gücləndirəcək: “Danılmaz faktdır ki, MİQ müsabiqəsi çox şəffaf keçirilir. Bu səbəbdən yüksək bal toplayan müəllimlərə əlavə vəzifə verilməsini təqdirəlayiq bir addım hesab edirəm. Beləliklə, müəllimlər öz üzərində işləyib, özünü inkişaf etdirməklə bu sahədə daimi fəaliyyət göstərə bilərlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, direktorun idarəetmə bacarığı olmalıdır. Yüksək bal toplayan müəllimlər hökmən direktor olmalıdır məsələsi də düzgün deyil. Çünki direktorun idarəetmə bacarıqları da olmalıdır”.
Ekspert onu da əlavə etdi ki, məktəbin, təhsilin idarəedilməsi ilə bağlı əlavə fənlər salınmalıdır. Eyni zamanda müəllimin ilk 5 ilində stimullaşdırıcı istiqamətdə fəaliyyətlər açılmalıdır ki, o, məktəbin idarəedilməsi ilə bağlı öz baxışlarını araşdırma, məqalə formasında təqdim edə bilsin: “Bizə daha effektiv, daha yaradıcı idarəedici məktəb rəhbərləri lazımdır. Düşünmürəm ki, biz sertifikasiyada yüksək bal toplamış müəllimləri məktəb direktoru təyin edəriksə, bununla da problem həll olunacaq. Zaman göstərdi ki, biz məktəb direktoru və yaxud direktor müavini təyin edərkən bir yaxşı müəllim itirmiriksə, o zaman bütün bir məktəbi itirmiş oluruq. Bu baxımdan öz fənnini kifayət qədər yaxşı tədris etməyi, metodikanı, pedoqogikanı yüksək səviyyədə bacaran, peşəkarlıqla həyata keçirə bilən, bilik və bacarıqları daha yüksək olan müəllimlərimiz məktəblərdə rəhbər vəzifəyə gətirilməlidir”.
Günel CƏLİLOVA