Türk dövlətlərinin vahid valyutası gündəmə gətirildi...
Son zamanlar türk dövlətləri arasında birgə əməkdaşlıq və faəliyyətin gücləndirilməsi ilə əlaqədar bir sıra təkliflər gündəmə gəlir. Bunlardan biri də türkdilli dövlətlərin birgə valyutasının yaradılması ilə bağlıdır.
Ekspertlər hesab edir ki, türk dövlətlərinə aid birgə valyutanın yaradılması dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə səbəb ola bilər.
Vüqar Bayramov: “Türk dövlətləri üçün vahid valyutanın yaradılması zaman tələb edən bir prosesdir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, türk dövlətləri üçün vahid valyutanın yaradılması zaman tələb edən bir prosesdir: “Vahid valyutanın yaradılması üçün valyuta rejiminə daxil olacaq ölkələrin iqtisadiyyatlarının uyğunluğu çox vacibdir. Bu baxımdan türk dövlətləri arasında vahid valyutanın yaradılması deyil, daha çox iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsinin reallaşdırılması gündəmdədir. Bu istiqamətdə konkret proqramların icrası da müşahidə olunur”.
Millət vəkili hesab edir ki, türk dövlətləri üçün vahid valyutanın yaradılması ideyası gələcəkdə müzakirə oluna biləcək məsələlərdəndir. Hələlik, prioritet məsələ iqtisadi və strateji əməkdaşlığın daha da dərinləşməsidir.
Əkrəm Həsənov: “Bizim aramızda o dərəcədə iqtisadi birlik yoxdur ki, vahid valyuta yaradılsın”
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, türkdilli dövlətlərin birliyi daha çox mədəni, tarixi və bəzən siyasi meyarlar əsasında qurulub: "Azərbaycan və Türkiyə arasında birlik daha sıxdır. Ən yaxın ölkələrdir. Amma hələ bizim də aramızda o dərəcədə iqtisadi birlik yoxdur ki, vahid valyuta yaradılsın. Bizim türkdilli dövlətlərin birliyi real iqtisadi və siyasi birliyə çevrilsə belə, bu, yaxın 50 il ərzində baş verməyəcək. Amma olması da sual altındadır. Siyasi əməkdaşlıq sözsüz ki, var. Amma reallıqda iqtisadi birlik güclü deyil. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri daha güclü və ciddidir. Buna görə də bu valyutanın yaranması üçün türk dövlətləri iqtisadi baxımdan birləşməlidir. Bu olmadığına görə, hansısa valyutadan danışmağın yeri yoxdur".
Günel CƏLİLOVA