800 nəfər müəllim işdən azad edildi - sonrakı fəaliyyətləri necə olacaq...
Elşən Qafarov: “Şəhid ailələrinin üzvlərinə və həssas qrupa daxil olanlara məktəbdə digər işlər verildi”
“2022-ci ildə ilk dəfə olaraq ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanıldı”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.
O bildirib ki, müəllimlərin nəticələrinə uyğun olaraq onların əməkhaqqına artımlar edilib: “2023-cü ildə təkrar sertifikatlaşdırmadan keçməyən 800-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Cari ildə 30 mindən çox müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsi planlaşdırılır. Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 2026-cı ildən sonra təkrar sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur”.
2023-cü ildə təkrar sertifikatlaşdırmadan keçməyən 800-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Bəs bu müəllimlərin sonrakı taleyi necə olub? 800 müəllimin çöldə qalması nə deməkdi?
“Qanunvericilik imkan verir ki, kəsilən müəllimlər hazırlaşsınlar və yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarına müraciət etsinlər”
Tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, 2022-ci ildə ibtidai sinif müəllimlərinin sertifikasiyası olub. “Təqribən 2500-ə yaxın müəllim sertifikasiyadan kəsildi. Qanunvericiliyə uyğun olaraq, onlara iş yeri saxlanmaqla 1 il əlavə vaxt verildi. Bu 1 il ərzində Təhsil Nazirliyi (Elm və Təhsil Nazirliyi) onlara ödənişsiz təlimlər hazırladı. Müəllimlərin bir hissəsi nazirliyin təşkil etdiyi təlimlərdən yararlandı, bir hissəsi isə fərdi qaydada kurslara və repititorlara üz tutdular. Nəticə etibarı ilə 2023-cü ildə həmin müəllimlərin ikinci dəfə sertifikatlaşma prosesi keçirildi. Orada iştirak etməyənlər, o cümlədən kəsilmiş şəxslər üçün 2023-cü ildə qanunvericiliyə uyğun olaraq növbəti sertifikasiya oldu. 743 nəfər sertifikasiyadan kəsildi. 800 rəqəmi səsləndirilib, yəqin onların 743 nəfəri kəsilənlər, qalanlar isə iştirak etməyənlərdir. Bildiyim qədər, onların içində bir neçə nəfər şəhid ailəsi üzvləri, həssas qrupa aid müəllim vardı. Şəhid ailələrinin üzvlərinə və həssas qrupa daxil olanlara məktəbdə digər işlər verildi. Məsələn, günü uzadılmış qrup rəhbəri, kitabxanaçı kimi işləyirlər. Burada söhbət şəhid ailələrindən və digərt həssas qruplara aid olanlardan gedir”-deyə E.Qafarov bildirdi.
E.Qafarovun sözlərinə görə, 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma prosesi baş verdi: “Çox təəssüflər olsun ki, birinci mərhələdən (2023) kəsilən Azərbaycan dili və ədəbiyyat müəllimlərimizin sayı 8 mindən çoxdur. Düşünürəm ki, bunların 20-25 faizi bu mərhələdə də kəsiləcək. Amma çox arzu edərdim ki, heç kim kəsilməsin, imtahan versinlər. Ona görə ki, sertifikatlaşdırma imtahanı şəffaf və çox nizamlı qaydada həyata keçirilir. Baxaq, görək necə olur?
Sertifikasiyadan keçə bilməyən müəllimlərin sonrakı taleyinin necə olduğuna gəlincə, onların müəllimlik fəaliyyətinə xitam verilir. Bundan sonra onlar müəllim sayılmır”.
E.Qafarov əlavə etdi ki, yenə də kəsilənlər arasında şəhid ailələri üzvləri olarsa, onların məktəblərdə digər inzibati tədris işlərində cəlb edilməsi barədə addımlar atılacaq, tədbir görüləcək. “Amma bu o demək deyil ki, sertifikasiya qaydalarında hansısa bir güzəşt nəzərdə tutulmayıb”-deyə E.Qafarov bildirdi.
Mütəxəssis bildirdi ki, iyunun 8-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ikinci imtahanı olacaq, bu mərhələdən də keçə bilməyənlərlə əmək müqaviləsinə xitam veriləcək. “Amma qanunvericilik onların müəllim peşəsini ləğv etmir, qanunvericilik imkan verir ki, kəsilən müəllimlər hazırlaşsınlar və yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarına müraciət etsinlər, müvafiq vakant yerlər üzrə müəllim işləmək hüququ əldə etsinlər və gəlib işləsinlər”-deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA