“Avrasiyanın Arteriyaları” kitabının təqdimat mərasimi keçirilib
İyunun 6-da tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində ictimaiyət üçün təqdimat mərasimi keçirilmişdir. Təqdimatda İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak etmişdir. Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün kompanentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışmışlar.
Eyni zamanda bildirilmişdir ki, kitabda Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim edilmişdir.
Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışmış, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulamışlar. Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildirmişlər
Qeyd edək ki, “Avrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilmişdir.
Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapmışdır. Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.
Leyla QARAXANLI