ABŞ Gürcüstana sanksiya tətbiq etdi - hökumət, parlament üzvləri, onların qohumları...
ABŞ Dövlət Departamenti "xarici agent" haqqında qanunla bağlı onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib. Bu barədə brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlama verib.
Miller, birinci paketin “Gürcü Arzusu”nun və parlamentin üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və sıravi şəxsləri əhatə etdiyini bildirib.
“Amerika Birləşmiş Ştatları “Gürcü Arzusu”nun anti-demokratik hərəkətləri, eləcə də onların son bəyanatları və ritorikasından yenə də dərin narahatdır. Bu hərəkətlər Gürcüstanın Avropa gələcəyinə təhlükə yaradır, Gürcüstan Konstitusiyasına və gürcü xalqının istəklərinə ziddir. Dövlət katibi bu yaxınlarda Gürcüstanla ikitərəfli münasibətlərə əsaslı şəkildə baxılacağını elan etmişdi. Bu proses çərçivəsində, Dövlət Departamenti yeni viza məhdudiyyətləri siyasətini elan edir, bu da sözügedən addımların həllinə yönəlib. Bu gün biz bu siyasət çərçivəsində onlarla Gürcüstan vətəndaşına - Gürcüstanda demokratiyaya zərbə vurulmasına cavabdehlik daşıyan və ya iştirakçısı olan şəxslərə və ya onların ailə üzvlərinə, toplaşmaq azadlığına zərbə vurulmasına, dinc nümayişçilərə zorakı hücumlara, vətəndaş cəmiyyətinin qorxudulmasına, qəsdən dezinformasiyanın yayılmasına cavabdehlik daşıyanlara viza məhdudiyyətinin tətbiqi istiqamətində addımlar atırıq.
Ümid edirik ki, Gürcüstanın liderləri öz addımlarına yenidən baxacaq və ölkələrinin çoxdankı demokratik və Avro-Atlantik istəklərinə nail olmaq üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, ABŞ əlavə tədbirlər görməyə hazırdır” – deyə Miller bildirib.
TAHİR