Əmək qurumlarında vakansiyalar gizlədilir - məsələ parlamentə çıxarıldı...
Son vaxtlar qurumlarda vakansiyaların gizlədilməsi, ictimaiyyətlə bölüşülməməsi ilə bağlı narazılıqlar artmaqdadır. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da səslənib. Millət vəkili Aqil Məmmədov bununla bağlı məsələ qaldırıb.
Deputat dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsini əsas gətirərək, belə addım atan qurumların rəhbər şəxslərinin cəzalandırılmasını tələb edib: “Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq.Vətəndaşların əsas şikayəti dövlət qurumlarında yaranan vakansiyaların Dövlət Məşğulluq Agentliyinə verilməməsindəndir. Dövlət qurumlarında elə işlər var imtahanla işə götürülür, amma texniki işçilərlə bağlı yaranan vakansiyalar yerli qurum və Dövlət Məşğulluq Agentliyi ilə birgə həllini tapmalıdır. Biz bu mexanizmə yenidən baxmalıyıq. Bu məsələlərlə bağlı yeni mexanizm tətbiq edilməlidir. Dövlət qurumlarında yaranan vakansiyalarla bağlı məlumat verməyən qurumlar müvafiq qanunvericiliyimizə uyğun cavab verməlidir”.
Maraqlıdır, bu problem necə həll olunmalıdır?
Hüseyn Axundov: “Hər hansı vakant yer qəsdən gizlədilərsə, bu yer haqda tam məlumat verilməzsə, həmin qurum məsuliyyətə cəlb olunmalıdır”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər hansı vakant yer qəsdən gizlədilərsə, bu yer haqda tam məlumat verilməzsə, həmin qurum məsuliyyətə cəlb olunmalıdır: “Qanunvericilik tələb edir ki, vakansiyalarla bağlı məlumatlar tam olaraq DİM-ə çatdırılsın. Bəzi hallarda dövlət qurumları tərəfindən vakansiyaların gizlədilməsi və ya gecikdirilməsi halları baş verir. Bunun da müəyyən səbəbləri var. Vakansiya ona görə gizlədilir ki, həmin boş yerə öz adamlarını düzəldirlər. Bununla yanaşı, vakansiyalarda ağır şərtlər qoyulur. Namizəd iki-üç xarici dil bilməli, kompyuter biliyi yüksək səviyyədə olmalıdır, ancaq əmək haqqı 400-500 manat. 4-5 il ali təhsil alan adam niyə aşağı əmək haqqı ilə çalışmalıdır? Qanunvericiliyin işə qəbulla bağlı dəqiq tələbləri var. Şəxsin vəzifə funksiyasına daxil olmayan şərtlər qoyulması qanunsuzdur. Formal olaraq, həmin şəxs məhkəməyə müraciət edə bilər. Amma məhkəmədən sonra şirkət həmin şəxsi işə götürər? Təbii ki, yox”.
Vüqar Bayramov: “İş yerlərində vakansiya ilə bağlı məlumatın verilməsi əmək bazarında planlaşdırma və əmək bazarının tələblərinin öyrənilməsi baxımından vacibdir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iş adamlarının yeni vakansiya elanlarını könüllü şəkildə təqdim etməsi daha məqsədəuyğundur. Bu, həm onların vakansiyası ilə bağlı məlumatlandırmanı artırmış olar, həm də vətəndaşlar həmin vakansiya ilə bağlı digər xəbərlərlə də tanış ola bilərlər: “Bununla yanaşı, məşğulluq idarələri də həmin vakansiyaya uyğun olaraq iş axtaranın yönəldilməsini və vakansiyalar üzrə təqdim olunmasını həyata keçirə bilər. Ona görə də iş adamlarının, sahibkarların bu məsələdə aktiv olması çox vacibdir. Ümumiyyətlə, iş yerlərində vakansiya ilə bağlı məlumatın verilməsi əmək bazarında planlaşdırma və əmək bazarının tələblərinin öyrənilməsi baxımından vacibdir”.
Günel CƏLİLOVA