Qəhrəmanın ev muzeyi ziyarət olunur
Astara Pedaqoji Kollecində vaxtaşırı olaraq Vətən, xalq naminə şirin canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilir. Kollecin direktoru şəhid atası, professor K.Kazımov, bir qrup müəllim, işçi heyəti Azərbaycan Silahlı qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhid Pəncəli Teymurovun ev muzeyinə baş çəkib. Ziyarətçilər burada Aprel döyüşləri qəhrəmanının şəxsi əşyaları ilə tanış olub və kollecin direktoru Xatirə kitabına öz ürək sözlərini yazıb. Həmçinin o da bildirilib ki, Vətən, torpaq yolunda şəhid olmaq ən böyük şərəf və qürurdur. Məhz gizir Pəncəli Teymurov da belə bir ölməzlik qazanıb. İndi adı bütün Azərbaycana şərəf olan Pəncəlinin həyatı hər bir yeniyetmə üçün əsl vətənpərvərlik nümunəsidir.
Bir daha məlum olsun ki, şəhid gizir Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunda mərdlər diyarı kimi tanınan Əzərüd kəndində dünyaya göz açıb. Orta məktəbdən sonra, yəni 1999-cu ildə düşməndən qisas almaq üçün ordu sıralarına yollanıb. Xidməti zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı kimi tanınıb. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam edib. 17 il doğma Vətəninə ləyaqətlə xidmət göstərib. Xüsusi təyinatların əfsanəsi olan gizir Pəncəli Teymurov ömrünün 35-ci baharında 4 günlük Aprel döyüşləri zamanı Qarabağ torpaqların azadlığı uğrunda gedən savaşda erməni dığalarına qan udduraraq şəhidlik zirvəsinə ucalıb. Dövlət tərəfindən ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” medallarına layiq görülüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü