Büdcə pulunu qiymətli kağıza yönəldənlərin qarşısı necə alınacaq?..
Əkrəm Həsənov: “Dövlətin qiymətli kağızını almaq, elə dövlətə faizlə pul vermək deməkdir”
Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz. Dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz.
Büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınmasının nə kimi müsbət və mənfi təsiri olacaq?
“Dövlət şirkətləri, xüsusən də publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsait ayrılacaq”
Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, söhbət dövlət şirkətləri, xüsusən də publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsait ayrılmasından gedir. Onların özlərinin gəlirləri yoxdur: "Danılmaz faktdır ki, bu gün publik hüquqi şəxslərin sayı çoxalıb. Publik hüquqi şəxslər də elə dövlətin funksiyalarını yerinə yetirirlər, amma dövlət orqanı deyillər. Onlar dövlət büdcəsindən ayrılan və artıq qalan pulu dövlətin qiymətli kağızlarına qoyurlar və faiz alırlar. Dövlət qiymətli kağızları da, əsasən, istiqrazlardır. Yəni dövlət həmin bu publik hüquqi şəxslərə pul verir ki, get fəaliyyətinə xərclə. Onlar da bu pulu xərcləmir, sonra onu dövlətə borc kimi verirlər. Dövlətin qiymətli kağızını almaq, elə dövlətə faizlə pul vermək deməkdir. Belə çıxır ki, dövlətin öz pulunu yenidən verirlər dövlətə və oradan qazanc əldə edirlər. Bu da, əlbəttə ki, absurd vəziyyətdir. Çünki publik hüquqi şəxslər yox idi - dövlət orqanı var idi. Dövlət orqanının da qiymətli kağızları və özünün vəsaiti olmur. Dövlət orqanının publik hüquqi şəxsdən fərqi odur ki, dövlət orqanı elə dövlətdir, ayrıca subyekt deyil. Publik hüquqi şəxs isə subyektdir, ayrıcadır. Əslində, düşünürəm ki, buna əvvəldən yol verməməli idilər".
Günel CƏLİLOVA