Rusiya Paşinyanın 2022-də KTMT-nin planından imtinasını yenidən xatırlatdı...
Daşdəmir Əliyev: “Kimin nə düşünməsindən asılı olmayaraq, biz öz problemimizi kökündən həll etmişik”
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Ermənistandakı monitorinq missiyasını Rusiya, İran və Azərbaycana qarşı casusluqda ittiham edib.
Qaluzin qeyd edib ki, Ermənistandakı Avropa missiyası ölkə sərhədlərinin qorunması ilə məşğul deyil:
“Əgər 2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirmək təklifinə razılıq versəydi, bu gün Ermənistanın üzləşdiyi risqlərin çoxu azaldıla bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.
Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, praktiki olaraq onu diplomatik statusa bərabərləşdirib.
Çox maraqlıdır, Qaluzin 2022-ci ildə Ermənistanın hansı “səhv” addım atdığını nəzərdə tutur və ondan sonra nələr baş verib?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Qaluzinin nə demək istədiyi gözəl məlumdur: “Bütün bu proseslər gözümüzün önündə bsş verib. Söhbət 44 günlük müharibədən sonra yaşananlardan gedir. Rusiya ptezidenti belə açıq məntlə Paşinyanı Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə qınayıb. Bundan sonra antiterror əməliyyatları keçirildi və Azərbaycan ərazi bütövlüyünü tam təmin etdi. Qaluzin demək istəyir ki, Ermənistan onların dedikləri ilə oturub-dursaydı bunlar olmayacaqdı, ermənilər Qarabağı tərk etməyəcəkdi. Qazaxın 4 kəndi bizə qaytarılmayacaqdı, sərhədin bəzi yerləri dəqiqləşməyəcəkdi. Açıq şəkildə deyilir ki, Rusiyanı öz maraqları narahat edir, haqq-ədalət yox. Çünki bizim etdiklərimiz ədalətin bərpasıdır. Buna görə kimsə bizə minnət eləməsin. Deməli, açıq etiraf edirlər ki, Rusiyanın müəyyən məsələlərdəki neytrallığı heç də bizə olan sevgidən qaynaqlanmayıb. Bunun geopolitik səbəbləri olub. Ermənistan Rusiyanın xeyir-duası olmadan Avropa missiyasını regiona gətirib, buna görə də cəzalandırılıb. O ki, qaldı missiyanın monitorinq yox, başqa işlərlə məşğul olmasına, bu bizə bəllidir. Biz bilirik əslində Avropa Ermənistana bu adla qoşun göndərib. Çünki missiyada yer alanlarım hamısı keçmiş hərbçilərdi. Onların kəşfiyyat fəaliyyəti ilə məşğul olması tam inandırıcıdır. Artıq gecdir, Qaluzin hansı məsələlərə təəssüflənsə də, biz lazım olanı etmişik. Bunları da ədalətə, qanunun aliliyinə söykənərək həyata keçirmişik. Azərbaycan sərhədini müəyyənləşdirir və bundan sonra sülh müqaviləsi bağlanacaq. Kimin nə düşünməsindən asılı olmayaraq, biz öz problemimizi kökündən həll etmişik. Rusiya məhz belə mövqe tutduğuna görə Qarabağ problemi 30 ildən sonra öz həllini tapdı”.
Məhəmmədəli QƏRİBLİ