Ermənistan 3 ayda 2.5, ildə 10 milyard dollar - tək qızıldan bu qədər necə qazanır...
Azər Həsrət: “Ermənistan Azərbaycan torpaqlarını işğal altında tutduğu zaman bizə aid olan qızıl yataqlarını qanunsuz və cinayətkarcasına istismar edib”
Statistik rəqəmlərə əsasən, 2024-cü ilin birinci rübündə Ermənistandan qızıl ixracı 2,5 milyard dollar, almaz 185 milyon dollar təşkil edib.
Nəzərə almaq lazımdır ki, cari ilin ilk üç ayında 2,5 milyard dollar qızıl ixrac edilibsə, ilin sonuna qədər bu rəqəm 10 milyard dollar ola bilər. Bu isə Ermənistan üçün olduqca böyük vəsait, gəlirdir. Maraqlıdır, Ermənistan bu qədər qızılı necə əldə edir?
“Bu gün Ermənistanın ixrac etdiyi qızılın böyük hissəsi Azərbaycana aiddir, onlar Azərbaycandan oğurladıqları qızılı ixrac edirlər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın ixracı təəccüblü deyil: “Çünki bir müddət öncə Ermənistan rəsmi şəkildə açıqlama yayaraq bildirmişdi ki, qızıl gəliri artır. Ermənistanın bu qədər qızılı necə əldə etməsini hər kəs yaxşı bilir. Belə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında tutduğu zaman bizə aid olan qızıl yataqlarını qanunsuz və cinayətkarcasına istismar edib. Bu gün Ermənistanın ixrac etdiyi qızılın böyük hissəsi Azərbaycana aiddir. Onlar Azərbaycandan oğurladıqları qızılı ixrac edirlər”.
Ekspertin sözlərinə görə, qızıl ixrac etmək çətin məsələ deyil. Çünki qızıl qiymətdə ağır, çəkidə isə yüngüldür. Qızıl qiymətli metaldır: “Təbii ki, qızılın gəticəyi gəlir də böyükdür. Bu səbəbdən də hesab edirəm ki, Ermənistanın qızılı necə əldə etməsinin üzərinə getməliyik. Statistik rəqəmlərdən istifadə etməklə Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yeraltı sərvət olan qızıl yataqlarımızın qanunsuz istismar etməsini ictimailləşdirməliyik. Bu məsələ dünyanın diqqətinə çatdırılmalıdır. Hər kəs bilməlidir ki, Ermənistandan alınan hər bir qram qızıl Azərbaycana aiddir. Bu ölkə qızıl məsələsinə görə də Azərbaycana cavab verməlidir. Ermənistan ölkəmizə çox məsələlərlə bağlı cavab verməlidir. Onlardan biri də bizdən oğurladığı qızılı öz məhsulu kimi satmasıdır”.
Günel CƏLİLOVA