"Azərbaycanda dənizdə və quruda külək elektrik stansiyalarının yaradılması barədə danışıqlar yekun mərhələdədir" - "Acwa Power"
Azərbaycanda dənizdə və quruda külək elektrik stansiyalarının yaradılması barədə danışıqlar yekun mərhələdədir. Trend xəbər verir ki, bu barədə "Acwa Power"in vitse-prezidenti və idarəedici direktoru Raad Əl Saadi 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
"Bundan başqa, enerji anbarları barədə danışıqlar da tezliklə yekunlaşacaq. "Acwa Power" şirkəti Azərbaycanın enerji təhlükəsizliyi və enerji keçidini, eləcə də, siyasət və iqtisadi maraqları eyni zamanda necə təmin etməsinə heyran qalıb", - Raad Əl Saadi deyib.
O, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında həm dövlət səviyyəsində, həm də şirkətlər səviyyəsində əməkdaşlığın səmərəliliyinə və iki ölkənin enerji strategiyasında yanaşmalarının bənzərliyinə diqqət çəkib.
"Azərbaycanda və Səudiyyə Ərəbistanında qazıntı və bərpa olunan enerji mənbələrinin (BEM) sinerjisi iqtisadiyyatın səmərəli inkişafı üçün vacib bacarıqdır", - deyə Al Saadi vurğulayıb.
Onun sözlərinə görə, enerji balansında bərpa olunan enerji enerji mənbələrinin (BEM) payına 50 faiz düşməsi üçün Səudiyyə Ərəbistanı enerji keçidinə 50 milyard dollar investisiya qoyacaq.
"Azərbaycan da elektrik enerjisinin üçdə birinin BEM hesabına istehsal olunması istiqamətində irəliləyir. Azərbaycanda həyata keçirdiyimiz layihələr buna imkan yaradır.
Biz Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyədə, yəni geniş mənada bu regionda fəaliyyət göstəririk. Bu səbəbdən burada BEM obyektlərinin texniki xidmətini səmərəli və asanlıqla təmin edə, həmçinin regiona yeni texnologiyalar gətirə bilərik", - deyə əl Saadi əlavə edib.