Qazaxıstan və Özbəkistan da Aİ-Azərbaycan "yaşıl" dəhlizinə qoşulur...
Azərbaycandan Avropaya uzanan "yaşıl"enerji dəhlizinə Qazaxıstan və Özbəkistan da qoşula bilər, bununla bağlı ətraflı danışıqlar aparılır. Trend xəbər verir ki, bu barədə energetika nazirinin müavini Kamal Abbasov 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqına neft və qaz tədarükü ilə yanaşı, Azərbaycan tezliklə “yaşıl” enerji tədarükçüsünə çevrilə bilər və 2024-cü ilin sonunda Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və Bolqarıstana uzanan “yaşıl” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırılması gözlənilir.
Bu cür balans bazarların dayanıqlılığını və keyfiyyətli inkişafını təmin edəcək.
Nazir müavini qeyd edib ki, enerji mənbələrinin diversifikasiyası çərçivəsində Aİ-nin enerji təhlükəsizliyinin mühüm komponenti olan Cənub Qaz Dəhlizi 2020-ci ildə inşa edilərək istifadəyə verilib.
"2022-ci ilin yayında Aİ ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb və biz Aİ ilə təkcə qaz əməkdaşlığını davam etdirmirik”, - deyə Abbasov vurğulayıb.
Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları iki trilyon kubmetrdən çoxdur, neft ehtiyatları isə bir milyard tona yaxındır.
Nazir müavini qeyd edib ki, 2024-cü ildə neft hasilatı 2023-cü il səviyyəsində (30 milyon tona yaxın) ola bilər.
Qaz artımı gözlənilir, üstəlik 24,3 milyard kubmetr (hasilatın yarısı) ixraca yönəldiləcək. Bunlardan 12 milyard kubmetrdən çoxu Aİ-nin payına düşür.