"Azərbaycan yaşıl enerji istehsalı ilə bağlı uzaqgörən strategiya hazırlayıb" - Macar nazir
Macarıstan enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək. Bu sözləri Bakı Enerji Forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxışı zamanı deyib.
O bildirib ki, alternativ enerji istehsalını artırmaq lazımdır.
“Azərbaycan bu sahədə böyük işlər görür və Avropaya 1 qiqavat həcmində alternativ enerji ixrac etməyi planlaşdırıb. Azərbaycanın enerji sahəsində reallaşdırdığı layihələr qlobal xarakter daşıyır. Yaxın gələcəkdə dünyada elektrik enerjisinə tələbat 2 dəfə artacaq. Azərbaycan uzaqgörən enerji strategiyası hazırlayıb və həyata keçirir. Bu strategiya daha çox yaşıl enerji istehsal etməkdən ibarətdir ki, buna da Azərbaycanın təbii və coğrafi mövqeyi imkan verir. Macarıstan yaşıl enerjiyə keçid proseslərini dəstəkləyir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək”, - deyə macar nazir qeyd edib.
Nazir deyib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın Avropaya təbii qaz ixracının həcmi artacaq. O bildirib ki, Macarıstanın təbii qaza illik tələbatı 9-10 milyard kubmetrdir.
“Macarıstan yalnız 1,5 milyard qaz istehsal edir ki, bu da çox azdır. Ona görə də Macarıstan yaxın tərəfdaşı Azərbaycandan təbii qaz idxal edir. Azərbaycan qazının ixracının həcminin artırılması üçün Cənub Qaz Dəhlizi genişləndirilib və yeni interkonnektorlar istismara verilib. Lakin bu proses davam etməlidir. Azərbaycan Avropaya yaşıl enerji də ixrac etmək niyyətindədir. Macarıstan Azərbaycanın qlobal xarakter daşıyan layihələrini dəstəkləyəcək”, - deyə macar nazir vurğulayıb.
Nazir nəzərə çatdırıb ki, Rusiya ilə Ukrayna arasında davam edən hərbi münaqişə Avropada enerji böhranı yaradıb: “Avropa dövlətləri enerji təhlükəsizliyini təmin etmək, qaz idxalını şaxələndirmək istəyirlər və Azərbaycan təbii qazına ehtiyac yaranıb. Bunun üçün Trans-Adriatik Boru Kəmərinin (TAP) genişlənməsinə sərmayə yatırmalıdırlar”, - deyə Peter Siyarto qeyd edib.