"İrəvanla Bakının barışmasına hərtərəfli dəstək verməyə hazırıq" - Rusiya XİN rəsmisi
Moskva mayın 10-11-də Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh sazişinin işlənib hazırlanması üzrə keçirilən görüşü müsbət qiymətləndirir.
Bu barədə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə bildirib ki, görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verib.
“Bu istiqamətdə daha bir mühüm addım atılıb. Moskva, artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarının raundlarına ev sahibliyi edib. Biz gələcəkdə də Rusiyaya qardaş olan iki xalqın barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarını axtarıb tapmağa kömək etməyə hazırıq” - deyə vurğulayıb.
Diplomat Ermənistan-Azərbaycan təmasları üçün platforma təşkil edən Qazaxıstanın rolunu yüksək qiymətləndirib. “Bu cür görüşlərin sülh sazişinin imzalanması ilə yanaşı, həm də Azərbaycan ilə Ermənistan arasında bloklanmış nəqliyyat və iqtisadi əlaqələrin açılmasını, sərhədlərin müəyyənləşdirilməsini, müştərək sərhəd və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafını nəzərdə tutan 2020-2022-ci illərdə əldə olunmuş yüksək səviyyədə üçtərəfli sazişlərə uyğun olması vacibdir”, - deyə Qaluzin əlavə edib.
TAHİR