İşbazlar adi torpağı yandırıb 2-3 manata meşə torpağı kimi sırıyırlar...
Flora Hacıyeva: “Çəki ilə torpaq satışı ləğv olunmalı və aidiyyəti qurumlar bu məsələ ilə məşğul olmalıdır”
Yol kənarlarında müxtəlif ərazilərdən gətirilən, xüsusilə əkin zamanı istifadə edilən torpaq satılır. Qeyd edək ki, torpaqlar əsasən kisə halında alınır. Satıcılar bildirir ki, satışa çıxarılan torpaqlar əsasən Şamaxı və İsmayıllı rayonlarından gətirilir.
Ekspertlər iddia edir ki, yol kənarında əkin üçün yararlı adı ilə satılan torpaqlar əslində münbit hesab edilə bilməz. Çünki bəzi sahibkarlar torpağı yandıraraq qaraldır, daha sonra münbit torpaq adı ilə satır.
“Bəzi sahibkarlar münbit torpaq adı ilə yandırılmış torpaq satır, torpaq yandırılanda rəngi tündləşir və alıcı da elə bilir ki, aldığı məhsul qara, minerallarla zəngindir”
Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, münbit torpaq satışı düzgün deyil: “Bəzi sahibkarlar münbit torpaq adı ilə yandırılmış torpaq satır. Belə ki, sahibkarlar torpağı yandırır. Belə olan halda həmin torpağın rəngi tündləşir və alıcı da elə bilir ki, aldığı məhsul qara, minerallarla zəngin torpaqdır. Həmin sahibkarlar elə bilir ki, torpaq yanarsa küllə gübrələnəcək, ziyanvericilər məhv ediləcək. Bu da məhsuldarlığa müsbət təsir edəcək. Ancaq unutmaq lazım deyil ki, torpaq yandırılırsa onun münbitliyi itir. Həmçinin, yandırılan torpaqda bitki qalıqları, humus qatı, torpaq mikroflorası və mikrofaunası yanır, məhsuldarlıq aşağı düşür. Həmin torpaqları alan şəxslər də müəyyən müddət sonra əks mənzərə ilə qarşılaşır. Torpağa əkilən məhsul gözlənilən nəticəni vermir. Bu səbəbdən də torpağın yandırılması düzgün deyil.
Bir qisim sahibkarlar rayonlarda olan meşəliklərdən kisələrə torpaq yığıb satır. Əslində bu da düzgün addım deyil. Çünki meşədən ağacın yanından torpaq götürməklə, həmin bitkinin qida rasionu azalır. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Sahibkarlar hardan gəldi torpaq götürüb satmamalıdır. Ümumiyyətlə, çəki ilə torpaq satışı ləğv olunmalı və aidiyyəti qurumlar bu məsələ ilə məşğul olmalıdır”.
Günel CƏLİLOVA