"Prezident İlham Əliyev OPEC istehsalçılarını və təşkilata daxil olmayan ölkələri bir araya gətirməyə yardım edən az sayda dünya liderlərindən biri oldu" - Baş katib
Prezident İlham Əliyev OPEC istehsalçılarını və təşkilata daxil olmayan ölkələri bir araya gətirməyə yardım edən az sayda dünya liderlərindən biri oldu.
Bu barədə OPEC-in baş katibi Haysam Əl-Qays Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında deyib.
"Prezident İlham Əliyevin məharətli rəhbərliyi ilə Azərbaycan OPEC-in böyük dostu, neft hasil edən OPEC ölkələri ilə və OPEC-ə daxil olmayan ölkələr arasında əməkdaşlığa dair Bəyannamənin tərəfdarıdır. Faktiki olaraq, Prezident İlham Əliyev hələ 2016-cı ildə OPEC+ sazişi kimi tanınan əməkdaşlıq bəyannaməsi imzalanan zaman OPEC istehsalçıları ilə OPEC-ə daxil olmayan ölkələri bir araya gətirməyə yardım edən az syda dünya liderlərindən biri idi. Bu, əməkdaşlıq bəyannaməsini balanslaşdırılmış və sabit bazarı dəstəkləyən təməl daşına çevirməyə imkan verdi", - o deyib.
Onun sözlərinə görə, OPEC Azərbaycanın COP29-un uğurla keçirilməsində konstruktiv iştirakını dəstəkləyir.
"İnanıram ki, bu, böyük uğur olacaq və biz siyinlə çiyin-çiyinə dayanmışıq. Qoyulmuş məqsədlərə nail olmaq üçün diqqəti beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə yönəltmək vacibdir. Hər bir ölkənin milli şəraitindən irəli gələrək, ədalət prinsipləri və ümumi, lakin fərqli məsuliyyətlər və müvafiq imkanları nəzərə alınmaqla öz yolunu müəyyən etməsinə imkan verməliyik", - deyə baş katib qeyd edib.
OPEC-in baş katibi həmçinin bildirib ki, təşkilat Azərbaycanın müxtəlif enerji növləri, o cümlədən neft-qaz, o cümlədən dənizdə külək enerjisi, günəş enerjisi və hidrogen istehsalı kimi strateji sahələr üzrə iddialı planlarını alqışlayır.