"Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq bütün regiona fayda verib" - Ərdoğan
Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq bütün regiona fayda verib.
Bu barədə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyarkən deyib.
"Biz iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik. Bakı Enerji Həftəsinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığımızın dərinləşməsinə vəsilə olmasını və bölgəmizdəki sülh və sabitliyə töhfə verməsini ümid edirəm.
Can Azərbaycanla münasibətlərimiz hər sahədə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə söykənən Bakı-Tblisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum boru xətləri və TANAP-la taclandırdığımız əməkdaşlığımız Türkiyə və Azərbaycana fayda verməklə yanaşı, bölgənin və Avropanın enerji təhlükəsizliyinə mühim töhfələr verib. Türkmənistanda istehsal ediləcək qazın birgə səylərimizlə Türkiyəyə və Avropaya nəql edilməsi və TANAP-ın həcminin genişləndirilməsi artıq sadəcə zaman məsələsidir. Bu mövzuda görülən işlərin çox yaxın zamanda nəticə verməsi şübhəsiz ki, Türkiyə və Azərbaycanın bir başqa ortaq uğuru olacaqdır", - Türkiyə prezidentinin müraciətində deyilir.