Vergi borcları 2 dəfədən çox artdı - 2,8 milyarda çatdı...
Fuad İbrahimov: “Gizli iqtisadiyyatda vergi ödəməyən sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsi prosesi hələ başa çatmayıb”
Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı rəyindən məlum olur ki, son beş ildə vergi orqanlarının alacağı borc məbləğləri artır. Bu da vergidən yayınma meyllərinin artdığını göstərir.
Məsələ ondadır ki, rəsmi rəqəmlərə görə, 2020-ci ilin əvvəlində vergi borcları cəmi 1.2 milyard manat idi. Bu ilin əvvəlində həmin göstərici 2.8 milyard manata yüksəlib. Deməli, 2020-ci ildən bəri vergi borclarının həcmi təxminən 2.3 dəfə artıb. Təkcə ötən il vergi borclarındakı artım 420 milyon manat olub. Üstəlik, 2023-cü il ərzində vergi borclarının 17.5 faiz artması vergi ödəyicilərinin vergi öhdəliklərinin azaldılmış məbləğinin 2022-ci illə müqayisədə 28 faiz artdığı bir şəraitdə baş verib. Vergi borcunun struktur təhlili göstərir ki, bu müddət ərzində həm əsas borc, həm sanksiyalar, həm də faizlərin məbləği kəskin artıb. Hesablama Palatasının rəyində o da qeyd edilir ki, vergi borclarının artmasının əsas səbəbi hüquqi şəxslərin mənfəət, aksiz və əmlak vergisi üzrə öhdəliklərinin büdcəyə vaxtında ödənilməməsidir.
Maraqlıdır, vergi borcları niyə artır?
“Hesab edirəm ki, vergi borclarının artması daha çox bununla bağlıdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında vergi borcunun artmasına fərqli prizmadan yanaşdı: “Vergi borcunun artması ümumi iqtisadi proseslərlə əlaqədardır. Statistik məlumatlarda bu artım göstəriləndə əslində burada neqativlik yox, müsbət anlama gəlməlidir. Çünki artıq vergi borclanması yaranırsa, bu, o deməkdir ki, vergiyə cəlb olunan sahələrin əhatə dairəsi genişlənib. Həmçinin ölkədə yığılan vergilərin həcmi artıb. Nəzərə almaq lazımdır ki, sürətli şəkildə gizli iqtisadiyyatda indiyə qədər vergi ödəməyən sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsi prosesi gedir. Proses hələ başa çatmayıb. Hesab edirəm ki, vergi borclarının artması daha çox bununla bağlıdır. Bu günləri bir sıra işlərin görülməsi nəticəsində vergidən yayınma yox, daha çox yeni sahələrin, yeni biznes növlərinin vergiyə cəlb edilməsi prosesi gedir. Bu da öz növbəsində vergi borclarının artmasını rəqəmsal olaraq hesabatlarda göstərir. Hesab edirəm ki, buna əsasən bu prizmadan yanaşmaq lazımdır. Onu da qeyd edim ki, ödənilməyən vergilərin mütləq əksəriyyəti neftdənkənar sektor ilə bağlı olub. Belə ki, 2024-cü ilin əvvəlinə ödənilməyən vergi məbləğinin cəmi 0.2 faizi neft, 99.8 faizi isə qeyri-neft sektorunun payına düşür. Ötən il boyunca neft sektoru üzrə ödənilməyən vergilərin həcmi 81 milyon manat azaldığı halda, neftdənkənar sektorda 503 milyon manat artıb”.
Vidadi ORDAHALLI