Quzu əti 20 manata qalxdı - hələ Qurban bayramı gəlməyib...
Akif Nəsirli: “Topdansatış bazarında ətin qiyməti yüksələcək”
Azərbaycanda qoyun əti kəskin bahalaşıb. Hazırda bazarlarda 6 aylığa qədər olan quzu ətinin qiyməti 20-23, bəzi hallarda 25 manata təklif edilir. Yetkin qoyun ətinin bir kiloqramı əvvəl 18 manata satılırdısa, indi 19-20 manata təklif olunur.
İddia olunur ki, Qurban bayramına qədər quzu ətinin qiyməti daha da artacaq. Maraqlıdır, bu bahalaşmaya səbəb nədir və qiymət artımı davam edəcəkmi?
"Bahalaşmanın əsas səbəbi ölkədə heyvan ətinin qıt olması ilə bağlıdır”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, paytaxtın ət satışı məntəqələrində 20 manata satılan quzu əti deyil, toğlu (yetkin qoyun əti) ətidir. Quzu əti isə hazırda 25 manata təklif olunur: “Bahalaşmanın əsas səbəbi ölkədə heyvan ətinin qıt olması ilə bağlıdır. Iri və xırda buynuzlu heyvanların sayı ildən ilə azalır. Bu da bazara öz təsirini göstərib. Bir-iki ay əvvəl diri qoyunun kiloqramı 7.5 manata təklif olunurdusa, hazırda bu qiymət 8.5 manatdır. Məlumdur ki, Qurban bayramına sayılı günlər qalıb. Bu dövrdə heyvan ətinin satış qiyməti daha da artacaq. Təklif artdıqca vəziyyət daha da pisləşir. Bu vəziyyət topdansatış mərkəzlərində daha çox hiss olunacaq. Artıq bazarda heyvan qıtlığı var. Çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır. 6 aylığa qədər olan quzu ətinin qiyməti hazırda 22-23, bəzi hallarda isə 25 manatdır. Yetkin qoyun əti əvvəl 18 manata satılırdısa, indi 19 manata təklif olunur. Yaşı daha çox olan qoyun ətinin qiyməti isə bir qədər ucuzdur. Onun bir kiloqramı 12-13, bəzən isə 15 manata satılır.
Topdansatış bazarında ətin qiyməti yüksələcək. Qurbanlıq heyvan ətinin qiyməti 25 manata qədər yüksələcək. Ancaq Qurban bayramından sonra ətin qiyməti yenidən öz məcrasına düşəcək. Çünki yay aylarında ətə tələbat azalır. Əhali daha çox bostan və tərəvəz bitkilərinə üstünlük verdiyi üçün ətə elə də önəm verilmir. Üstəlik, Məhərrəmlik ayında toylar olmadığı üçün ətə tələbat xeyli azalacaq”.
Günel CƏLİLOVA