5 ayda Azərbaycanda 3 milyard dollar valyuta satılıb - tələbat artır....
Kamran Məmmədli: “Son zamanlar dollara tələbatın artması devalvasiya ilə əlaqələndirilir, ancaq…”
Dollara tələbat durmadan artır. 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında, ümumilikdə, banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb.
Satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-may aylarında keçirilən valyuta hərraclarında banklara cəmi 1 milyard 492.4 milyon ABŞ dolları satılıb. May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir. Onu da qeyd edək ki, Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931.3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz (2 dəfə) artım deməkdir. Bildirək ki, AMB hələ mayın əvvəlində dollar tələbin artması prosesinin dayandığını elan etmişdi. Baş bankir Taleh Kazımov bildirmişdi ki, valyuta bazarında müşahidə edilən kəskin artım artıq bitib. Ancaq müşahidələr onu da göstərir ki, dollara tələbat artmaqda davam edir. Maraqlıdır, dollara artan tələbat devalvasiya risqi yarada bilərmi?
“Azərbaycanda idxal məhsullarının həcmi ildən-ilə artır, bu artım isə dollara olan tələbatı yüksəldir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dollara tələbatın azalması mövsumi idi. Son zamanlar dollara tələbat artır: “Yay tətili başlayanda dollara olan tələbat artacaq. Dollara tələbin artmasının səbəblərindən biri də idxalla bağlıdır. Azərbaycanda idxal məhsullarının həcmi ildən-ilə artır. Bu artım isə dollara olan tələbatı yüksəldir. Bu məsələdə çıxış yolu kimi idxal malları yerli məhsullarla əvəz olunmalıdır. Məlumdur ki, xarici valyuta daha çox sahibkarlara lazım olur. Şirkətlər hansısa ölkədən mal alanda onlara dollar lazım olur. Vaxtaşırı dollara tələbat artır, ya da azalır”.
Ekspert hesab edir ki, dollara tələbin azalıb və ya artmasına baxmayaraq, Mərkəzi Bank məzənnəni qoruyub saxlamağa çalışıb: “Son zamanlar dollara tələbatın artması devalvasiya ilə əlaqələndirilir. Ancaq devalvasiya gözlənilmir”.
Günel CƏLİLOVA