"COP29-da minaların yaratdığı təhlükəyə diqqət yönəltməliyik" - Nüsrət Süleymanov
Bu konfrans sayəsində humanitar minatəmizləmə sahəsində qazanılan təcrübəni bölüşürük. Biz minaları ölüm toxumları adlandırırıq, çünki onlar insanları öldürür.
Trend xəbər verir ki, bu barədə bu gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” konfransının yekununda çıxışı zamanı deyib.
O qeyd edib ki, minalar həm suya, həm də torpağa böyük təhdiddir.
“Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq. COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni bəyan etməliyik. Azərbaycanda keçiriləcək COP29-da da bu məsələyə diqqəti yönəltməliyik. Əlbəttə ki, iki gün ərzində bunu etmək mümkün olmasa da, hesab edirəm ki, biz buna nail olduq, bir-birimizdən nəsə öyrəndik, məsələnin ciddiyyətini anladıq. Bu konfransa iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşədək planetimizi minalardan təmizləyə biləcəyik",- deyə o bildirib.