Minalarla mübarizə Azərbaycanın öz resursları hesabına aparılır - nəticə böyükdür, qadın qrupları, qlobal təşəbbüslər...
Təbriz Musayev: “Ölkəmiz bununla mina probleminin necə qlobal təhlükə olduğunu gündəmə gətirir”
Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib ki, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir”.
Görünən odur ki, minatəmizləmə fəaliyyətini Azərbaycan tam öz resursları hesabına həyata keçirir. Üstəlik, dünya miqyasında minatəmizləmə üzrə qlobal mərkəzə çevrilməkdədir. Prezident İlham Əliyev 2023-cü il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bunları qeyd edib: “Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm”.
Bundan başqa, 26 may 2023-cü ildə “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans çərçivəsində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi beynəlxalq və yerli ictimaiyyətə təqdim edilib.
Bütün bu təkliflərin müəllifi Prezident Əliyevdir. Yəni həm minaların təmizlənmə fəaliyyətini tam öz resurslarımız hesabına həyata keçiririk, həm də Azərbaycan qlobal miqyasda minaların ziyanlı təsirləri ilə mübarizədə çox əməli təşəbbüskarlıq mövqeyini də nümayiş etdirir.
“Prezident Əliyevin bununla bağlı təşəbbüsü humanitar nöqteyi-nəzərdən dünyada böyük əhəmiyyətə malikdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Azərbaycan bununla mina probleminin necə qlobal təhlükə olduğunu gündəmə gətirir: “Burada söhbət təkcə Azərbaycanın üzləşdiyi mina problemindən getmir. Bəli, işğal dövründə böyük ərazilərimiz minalanıb. Onların tam təmizlənməsi üçün böyük vəsaitə və vaxta ehtiyac var. Azərbaycan öz hesabına bütün bu işləri görür. Beynəlxalq müstəvidə bu yöndə Azərbaycana maliyyə yardımı yox səviyyəsindədir. Ancaq Ukraynada qanlı müharibənin getdiyi bir dövrdə bu ölkəyə təkcə minaların təmizlənməsi üçün milyardlarla dollar yardım edilir. Azərbaycan ərazilərin minalarla çirklənməsi məsələsini qaldırmaqla bundan əziyyət çəkən ölkələrə beynəlxalq miqyasda yardım edilməsini gündəmə gətirir. Məsələ ondadır ki, Azərbaycanın öz imkanları hesabına minaları təmizləmək imkanı var. Ancaq bir sıra ölkələr var ki, yoxsul olduqları üçün bu imkandan məhrumdular. Uzun illərdi əhali bundan əziyyət çəkir. Məsələn, dünyada ən çox minalanmış ərazilər Kambocadadır. Bu ölkə uzun illərdir ki, bundan əziyyət çəkir. İnsanlar mina partlayışları zamanı ya həlak olur, ya da şikəst olurlar. Bənzər problem bir sıra Afrika ölkələrində də mövcuddur. Ona görə də Prezident Əliyevin bununla bağlı təşəbbüsü humanitar nöqteyi-nəzərdən dünyada böyük əhəmiyyətə malikdir”.
Vidadi ORDAHALLI