Minalarla bağlı beynəlxalq konfransın Zəngilanda keçməsi təsadüf olmadı...
Azər Həsrət: “Bu tədbirlər vasitəsilə biz dünyaya göstəririk ki, torpaqların sahibiyik”
Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib.
Konfransda bugünə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahənin 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizləndiyi qeyd edilib. Lakin minalanmış ərazilərin bundan daha da geniş olduğu vurğulanıb.
“İşğaldan azad edilən yerlərdə beynəlxalq konfranslar keçirməklə dünyaya o mesajı çatdırırıq ki, mina təhlükəsindən birgə qurtulmaq lazımdır”
Minaların ətraf mühitə təsiri ilə bağlı beynəlxalq konfransın Zəngilanda keçirilməsinin əhəmiyyəti haqqında danışan siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərə dinc həyatın qayıtması üçün mümkün olandan artığını edir. Bu baxımdan beynəlxalq tədbirlərin həmin ərazilərdə keçirilməsi daha məqsədəuyğundur: “Bu tədbirlər vasitəsilə biz dünyaya göstəririk ki, torpaqların sahibiyiq. Ermənistan o əraziləri işğal dövründə darmadağın edib, biz isə bərpa edib yenidən qururuq. Məlumat üçün bildirim ki, belə bir tədbir ötən ilin sonunda Ağdamda keçirilmişdi. Bu tip konfranslarda iştirak edən xarici nümayəndələr vəziyyətlə bağlı paylaşımlar edir, məlumatlar yayırlar. Bu olduqca müsbət haldır”.
Həmsöhbətimiz minanın qlobal bir problem olduğunu dilə gətirərək bildirdi ki, bu konfrans mina probleminin dünya səviyyəsində müzakirəsi üçün əlavə imkan yaradır: “Azərbaycan mina məsələsi ilə bağlı platforma təklif edir. Bu platforma çərçivəsində tədbirləri məhz minalanmış ərazilərdə, işğaldan azad edilən yerlərdə keçirməklə dünyaya o mesajı çatdırırıq ki, bu təhlükədən birgə qurtulmaq lazımdır. Eyni zamanda, o çağırışlar da edilir ki, dünya tam şəkildə minadan imtina etməlidir”.
Günel CƏLİLOVA