Sosial şəbəkələrdə oyuncaq tapança satmaq adı ilə dələduzluq edən şəxs saxlandı
Sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək, onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, instaqram və feysbuk sosial şəbəkələrində səhifələr yaradaraq, oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Saxlanılan şəxs barəsində Səbail Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
NAMİQ