"Biz hazırda sülhə yaxınıq, ümid edirik ki, çox yaxın zamanda yerdə qalan məsələlər həll olunacaq" - Elçin Əmirbəyov
Biz çalışırıq ki, təhlükəsiz və "yaşıl" gələcək yaradaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, münaqişədən sonra minatəmizləmə çox önəmli bir fəaliyyətdir.
“Qarabağda olan infrastrukturun hər biri sıfırdan qurulub. Həmin ərazilərdə bərpa-quruculuq işlərinə 7 milyard dollar sərmayə qoyulub. Biz hazırda sülhə yaxınıq. Ümid edirik ki, çox yaxın zamanda yerdə qalan digər məsələlər həll olunacaq.
Azərbaycan minalarla çirklənmiş ərazilər baxımından dünyada 5-ci yerdədir. Həmin minalar insan həyatı üçün təhlükə yaradır. Təəssüflər olsun ki, bu səbəbdən həyatını itirən insanların sayı artır. Ermənistanın düzgün mina xəritələrini verməməsi vəziyyəti daha da pisləşdirir. Mina problemi o qədər böyükdür ki, bu prosesin sonlanması illər çəkəcək. Ümid edirik ki, bu konfrans imkan yaradacaq ki, beynəlxalq ictimaiyyət bu yükü bölüşməyə kömək edəcək”,- deyə E.Əmirbəyov bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransının ikinci günü keçirilir. Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır.