Ermənistanda kilsə əmlakı vergiyə cəlb olunacaq
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.
Trend xəbər verir ki, bu barədə hakim partiyanın deputatı Tsovinar Vardanyan Ermənistan parlamentində deyib.
"Kilsə vergiyə cəlb olunur, lakin söhbətin nədən getdiyini anlamaq lazımdır. Kilsə xadimləri ola bilsin ki, gəlir vergisi ödəyir və bu, normaldır. Lakin hazırda deputatlar kilsənin idaretməsində olan minlərlə əmlakı - ticari, ictimai, istehsalat sahələri, yaşayış binalarını - araşdırır", - o deyib.
Xatırladaq ki, bu yaxınlarda Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan Erməni kilsəsinin sərəncamındakı istifadə olunmayan torpaq sahələrini dövlətə verməli olduğunu bildirib.
Onun sözlərinə görə, Erməni Apostol Kilsəsi dövlətlə əməkdaşlıq etməli, maliyyə vəsaitinin "kölgə"dən çıxarılmasına köməklik göstərməlidir.
"Xristianlıq oğurluq etməmək, korrupsiyada, kölgə fəaliyyətində iştirak etməmək haqqındadır. Bizim anlayışımıza görə, kilsə məhz bu məntiqi rəhbər tutmalı və korrupsiyanın baş verə biləcəyi vəziyyət yaratmamalıdır", - o deyib.