“Azərbaycan Prezidenti bütün fəaliyyətini xalqla birlikdə həyata keçirir” - ŞƏRH
“2003-cü ildə keçirilmiş ilk prezident seçkilərindən bu günə qədər İlham Əliyev bütün fəaliyyətini aşkar şəkildə xalqla birlikdə həyata keçirir. Dünyadakı bütün dövlət rəhbərləri ilə müqayisədə xalqla ən çox birbaşa ünsiyyət quran məhz İlham Əliyevdir. Ölkəmiz və xalqımız üçün əlamətdar olan bütün tarixi günlərdə onu ölkə ərazisinin hər hansı bir bölgəsində sadə xalqın arasında görürük. Bu günlərdə Müstəqillik gününü də Xocalıya yenicə qayıdan sakinlərlə birlikdə keçirməsi və onlarla səmimi görüşləri artıq heç kimi təəccübləndirmir. Xalq prezidentdən həmişə belə xoş münasibət görüb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı Prezident xarici ölklərə çoxsaylı səfərlər edir və dünyanın müxtəlif bölgələrindən Azərbaycana gələn dövlət və hökümət başçılarını, rəsmi nümayəndə heyətlərini, beynəlxalq təşkilatların təmsilçilərini şəxsən özü qəbul edir və danışıqlar aparır: “Bu qədər gərgin qrafik əsasında yorulmadan çalışmağın yalnız bir məqsədi var: beynəlxalq arenada Azərbaycan dövlətinin qanuni maraqlarını qorumaq və ölkə daxilində sabitliyi və davamlı inkişafı təmin etmək.
Son 20 il ərzində bütün istiqamətlərdə aparılan siyasətin uğurları göz qabağındadır. Bu uğurlar o qədər möhtəşəmdir ki, hətta ölkəmizə dost münasibətləri bəsləməyən dövlətlər və xarici qüvvələr də onu açıq şəkildə etiraf etməyə məcbur olurlar. Bu gün Azərbaycanın dünya siyasi sistemindəki mövqeyi və nüfuzu ən yüksək səviyyədədir. Bölgəmizlə bağlı heç bir regional və qlobal əhəmiyyətli layihə Azərbaycan dövlətinin iradəsindən kənar icra oluna bilməz”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti qlobal siyasi proseslərdə fəal iştirak edir və dünya birliyi üçün tamamilə yeni və faydalı olan təşəbbüslərlə çıxış edir: “Azərbaycan demək olar ki, hər il dünya miqyaslı qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu çoxşaxəli və səmərəli fəaliyyəti ilə Prezident İlham Əliyev Azərbaycanı dünya siyasətinin ön sıralarına çıxarıb. Bu gün Azərbaycan qlobal siyasətdə yeni dünya düzəninin formalaşmasında yaxından və fəal şəkildə iştirak edən siyasi aktor rolunda çıxış edir. 20 il öncə bütün bunlar həyata keçirilməsi mümkün olmayan xoş xəyal kimi görünə bilərdi. Lakin bu gün bütün bunlar həyatımızın inkaredilməz reallıqlarıdır. Öz fədakarlığı, yorulmaz fəaliyyəti və dəmir iradəsi ilə bu reallıqları yaradan isə Prezident İlham Əliyevdir”.
Ləman Sərraf