Ukrayna Rusiyanın nüvə xəbərdarlıq sistemlərinə hücum etdi, ABŞ narahatdır - münaqişə genişlənə bilər...
Ukraynanın Rusiyanın Krasnodar vilayətində Armavir və Orenburq vilayətində Orsk şəhərlərinə hücumları gərginliyi artıra bilər. İddialara görə, Kiyev bir neçə gün əvvəl sözügedən şəhərlərdə Rusiyanın nüvə raket xəbərdarlıq sistemlərini hədəf alıb.
Təsdiqlənməmiş xəbərlərə görə, Ukraynanın pilotsuz uçan aparatının hücumu nəticəsində Armavirdəki nüvə raketlərinə qarşı erkən xəbərdarlıq sistemindəki bir radar zədələnib.
Armavirdəki Voronej-DM erkən xəbərdarlıq radarının 6000 kilometr məsafədən hücum zamanı nüvə raketlərini aşkar edə bildiyi təxmin edilir. Radiolokasiya stansiyası Krımdan və Avropanın cənub-qərbindən Atlantik okeanının içərilərinə qədər hava məkanına nəzarət edir.
Rusiyanın NATO-dakı keçmiş səfiri Dmitri Roqozin ABŞ-ı bu hücumu planlaşdırmaqda və ya ən azı bundan xəbərdar olmaqda ittiham edib. O xəbərdarlıq edib ki, bu cür hərəkətlər dünyanı nüvə müharibəsi astanasına yaxınlaşdırır.
Onu da qeyd edək ki, bu hücum, Ukraynanın Qərb tərəfdaşları ilə silahlarını Rusiyadakı hədəflərə qarşı istifadə etmələrinə icazə vermək üçün danışıqlar apardığı bir vaxta təsadüf edir.
"The Washington Post" yazır ki, ABŞ rəsmiləri də Ukraynanın hücumlarından ciddi narahatdır. Mənbələr ABŞ-ın hücumlarla bağlı narahatlığını Ukrayna tərəfinə çatdırdığını bildirib. Vaşinqton administrasiyası xüsusilə Rusiyanın nüvə raket xəbərdarlıq sistemlərinə dron hücumlarının münaqişənin genişlənməsinə səbəb olacağından ehtiyatlanır.
“Biz, şübhəsiz ki, Rusiyanın, çəkindirmə imkanlarının hədəfə alınması və erkən xəbərdarlıq sistemlərinə hücumlara reaksiyasından narahatıq”, – adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.
Qəzetə danışan bir Ukrayna rəsmisi isə hücumlara görə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məsuliyyət daşıdığını deyib. Rəsmi iddia edib ki, Rusiya bu sistemlərdən “Ukrayna ordusunun manevrlərini izləmək” və pilotsuz uçuş aparatlarına və raketlərə nəzarət etmək məqsədilə istifadə edir.
Ancaq ABŞ rəsmisi, sistemlərin münaqişə zamanı istifadə olunmadığını, amma bunun “daha həssas” məsələ olduğunu bildirib.
TAHİR