Türk dövlətlərinin arasında "sadələşmiş gömrük dəhlizi” quruldu...
Vüqar Bayramov: “Orta Dəhliz Türk dövlətləri üçün birmənalı şəkildə beynəlxalq yükdaşımalarda gəlirləri artırmaq baxımından yeni imkandır”
Türk dövlətləri Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin ratifikasiyasını başa çatdırıblar.
Sadələşdirilmiş gömrük dəhlizi haqqında saziş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca xarici ticarət fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, sadələşdirilmiş gömrük dəhlizinin aşağıdakı üstünlükləri var. Ticarət operatorlarına buraxılış məntəqələrində prioritet xidmət göstəriləcək və bu, gözləmə vaxtlarını azaldacaq. Həmçinin, gömrük yoxlanılması yalnız gömrük qanunvericiliyinin pozulması risqi müəyyənləşdirildiyi hallarda aparılacaq və bu, dayanma müddətini və xərcləri azaltmağa imkan verəcək.
“Azərbaycan bir sıra türk dövlətləri ilə elektron gömrük sisteminin yaradılması istiqamətində işlərini davam etdirir”
Türk dövlətləri üçün Orta Dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Orta Dəhliz kifayət qədər aktuallaşır və daim müzakirə olunur: “Orta Dəhliz Türk dövlətləri üçün birmənalı şəkildə beynəlxalq yükdaşımalarda gəlirləri artırmaq baxımından yeni imkandır. Mühum məqam Orta Dəhliz vasitəsilə yüklərin daşınması zamanı gömrük prosedurunun sadələşdirilməsidir. Azərbaycan bir sıra türk dövlətləri ilə elektron gömrük sisteminin yaradılması istiqamətində işlərini davam etdirir. Bu işlərin görülməsində məqsəd türk dövlətlərini əhatə edən gömrük dəhlizinin formalaşmasıdır. Eyni zamanda, qısa zamanda yüklərin türk dövlətləri ərazisi ilə daşınmasına da səbəb olacaq. Bu türk dövlətləri ilə iqtisadi inteqrasiyasını inkişaf etdirməklə yanaşı, gəlirlərin artması baxımından yeni imkan sayılır. Region üzərindən daşınacaq yüklərin həcmi daha da artacaq”.
Günel CƏLİLOVA