“Xarici agent” qanunu ABŞ-la Gürcüstan arasında ipləri qopardı - Gürcüstan rəsmilərinə sanksiya tətbiq edildi...
Tiflisdə həftələrlə davam edən kütləvi etirazlara səbəb olan mübahisəli “Xarici agent” qanununa görə Gürcüstanla fikir ayrılığına düşən və ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəyini açıqlayan Birləşmiş Ştatlar Gürcüstana sanksiya tətbiq edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlaması ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alıb. Gürcüstanla ikitərəfli əlaqələrə dair açıqlama verən Blinken deyib ki, Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlara, o cümlədən “Gürcü Arzusu”nun (Gürcüstanın hakim partiyası) təklif etdiyi “Xarici təsir” qanunu ilə əlaqəli olanlara qarşı viza məhdudiyyəti tətbiq edildiyini bəyan edib.
ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlandığını açıqlayan Blinken, Gürcüstan liderlərinin qanuna yenidən baxacaqlarına və xalqın demokratik və Avro-Atlantik məqsədlərinə doğru irəliləməsi üçün lazımi addımları atacaqlarına ümid etdiyini bildirib.
ABŞ-ın sanksiya qərarına reaksiya verən Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası bildirib ki, hökumət nümayəndələrinə viza məhdudiyyətinin tətbiq edilməsi Gürcüstana qarşı yönəlmiş addımdır. Qeyd edilib ki, bu, əslində Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir.
Tahir TAĞIYEV