Bakıya təzə sülh şərti - “hərbi əsirlər(?) qaytarılsın”...
Qulamhüseyn Əlibəyli: “Lüksemburq rəsmisinin Azərbaycana qarşı şərt irəli sürməsi siyasi oyunbazlıqdır”
Lüksemburq Deputatlar Palatasının sədri Klod Visler Alen Simonyanla birgə mətbuat konfransında deyib ki, ölkəsi Aİ-nin Ermənistandakı missiyasını gücləndirmək üçün səy göstərməyə hazırdır.
Daha sonra qeyd edib ki, Azərbaycan tərəfindən erməni hərbi əsirlərin azad edilməsi sülhə nail olmaq üçün şərtdir: “Hərbi əsirlərin azad edilməsi sülh danışıqlarının ilkin şərtidir”.
Visler həmçinin bildirib ki, ölkəsi Aİ-nin mülki missiyasında iştirakını davam etdirəcək. Lüksemburq, ehtiyac yaranarsa, bu missiyanı gücləndirməyə hazırdır: “Lazım gələrsə, Azərbaycanla münaqişənin həlli üçün səy göstərəcəyik”.
Burada diqqəti çəkən məqam odur ki, Visler dəqiqləşdirmə aparmadan məsulyətsuzcə erməni “hərbi əsirlər”dən danışır. Məgər Azərbaycanda ermənilərin hərbi əsiri var? Yoxsa o, bir neçə cinayət törətmiş separatçını “hərbi əsir” hesab edir? Hələ üstəlik, bunu şərt kimi irəli sürür.
“O cür adamların dəvət edilməsi, danışdırılması həm də Ermənistanın riyakarlığının göstəricisidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, palata sədri Vislerin əsirlərlə bağlı fikirlərinin heç bir əsası yoxdur: “Əvvəla, Azərbaycan artıq Ermənistanla ikitərəfli danışıqlara üstünlük verir. Artıq bununla bağlı bir sıra görüşlər keçirilib. İkitərəfli danışıqlar nəticəsində sərhədlərin delimitasiyası və demarkasiyası başlanıb. O cümlədən, sülh sazişinin imzalanması ilə bağlı müəyyən ortaq nöqtələr müzakirə edilir. Belə olan şəraitdə Klod Visler kimi başabəla siyasətçilərin bu cür məsuliyyətsizcəsinə, saxtakarcasına danışması qəbuledilməzdir. Belə bir yanaşma nəinki ikili standart, hətta deyərdim ki, riyakarlığın pik nöqtəsidir. Belə yanaşma sərgiləmək nə sülh prosesinə töhfə verir, nə də regionun inkişafına. Ümumiyyətlə, regionda marağı olan qüvvələr var. Ancaq marağı olan qüvvələr Azərbaycana şərt diqtə etməyə çalışmamalıdılar. O cümlədən, “hərbi əsirləri” danşıqlar prosesində ilikin şərt kimi irəli sürməyin özü absurddur. Birincisi, Azərbaycanda erməni hərbi əsirləri yoxdur. Azərbaycanda beynəlxalq xarakterli cinayət törətmiş, genosid və digər cinayətlər törətmiş şəxslər var. Həmin şəxslər də həbs olunub və məsuliyyətə cəlb ediliblər. İndi qalır istintaqın yekununda məhkəmənin onlara hansı cəzanı təyin etməsi. Digər tərəfdən, reallıq odur ki, Azərbaycan və Ermənistan arasında danışıqlar gedir, ortada müsbət nəticələr var. Belə olan şəraitdə Lüksemburq rəsmisinin Azərbaycana qarşı şərt irəli sürməsi siyasi oyunbazlıqdır. Eyni zamanda bu, regionu bilməməkdən irəli gəlir. Ona görə də o cür adamların dəvət edilməsi, danışdırılması həm də Ermənistanın riyakarlığının göstəricisidir. Uğursuz siyasət yeritməsinin göstəricisidir”.
Vidadi ORDAHALLI