İlham Əliyev Rəisi ilə bağlı söz verdi - onunla bütün razılaşmalarımız icra olunacaq...
Bəhruz Quliyev: “Bütün bunlar o deməkdir ki, biz qonşu İslam dövləti kimi bir-birimizi daim dəstəkləməliyik”
Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində başsağlığı verərkən bəyan edib ki, Rəisi ilə əldə edilmiş bütün razılaşmalar icra ediləcək: “Onunla son görüşüm tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq.
Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. ldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.
“Qarşılıqlı münasibətlər və layihələrin həyata keçirilməsi bizim gələcək qonşuluq siyasətinə müsbət təsir edə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, bu coğrafiya hər iki ölkəyə böyük şanslar verir: “İran, Azərbaycan bir regionun dövlətləriyik və bir coğrafiyada yerləşirik. Bu coğrafiya bizə böyük şanslar verir. Yəni qarşılıqlı iqtisadi əməkdaşlıq, eyni zamanda xalqlar arasında tarixi bağlılıq, münasibətlər düzgün qaydada tənzimlənsə yalnız region bundan bəhrələnə bilər. Bütün bunlar o deməkdir ki, biz qonşu İslam dövləti kimi bir-birimizi daim dəstəkləməliyik. Baxmayaraq ki, İran müxtəlif dövrlərdə öz regional siyasətində bəzi səhvlərə yol verib. Ancaq prezidentlər arasında olan sonuncu görüşlər ümid verir ki, İran-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoysun. Biz belə düşünürük ki, bu., tarixi dönüş nöqtəsi olacaq və qarşılıqlı regional layihələr davam edəcək. Məlumat üçün deyim ki, Zəngəzur dəhlizinə alternativ olaraq İrandan keçən həm dəmiryolu, həm də avtomobil yolunun tikintisinə artıq başlanılıb. Bu məsələ görüşlərdə də qeyd olundu. Bu, uğurlu bir layihədir və Azərbaycanla İran arasında olan dostluq siyasətinə müsbət çalarlar əlavə edir. Layihənin həyata keçirilməsində həm də iqtisadi maraqlar dayanır. Ona görə də layihənin həyata keçirilməsi regionda söz sahibi olmaq istəyən və Azərbaycanla İranı istəməyən dövlətlərdə qısqanclıq yaradır. Qarşılıqlı münasibətlər və layihələrin həyata keçirilməsi bizim gələcək qonşuluq siyasətinə müsbət təsir edə bilər. Mən bir politoloq kimi “Bir millət, üç dövlət!” şüarından istifadə edərək deyirəm ki, Türkiyə-Azərbaycan-İran əməkdaşlığında bu şüar əsas götürülməlidir. Bu, regionda böyük bir birliyin nümunəsi ola bilər. Bu birlik iqtisadi, siyasi, sülh və regional siyasətdə çox böyük rol oynaya bilər. Eyni zamanda dünyaya mesajdır ki, biz “Bir millət, üç dövlət!” olaraq birlik nümayiş etdiririk. Hesab edirəm ki, gələcəkdə bu cür üçlü formatın olmasına zərurət yaranıb və özünü doğruldub təsdiq edəcək”.
Vidadi ORDAHALLI