Ermənistan yazıçıları qiyamçı yepiskopun qabağında "yerə sərildilər"...
Əli Mahmud: “Qalstanyanla Ermənistan Yazıçılar İttifaqının niyyəti eynidir və onlar birləşib cəmiyyətdə yeni nifaq toxumları əkirlər”
Ermənistan Yazıçılar İttifaqında saxta arxiyepiskop Baqrat Qalstanyan alqışlarla qarşılanıb. Bu barədə erməni mətbuatı məlumat yayıb.
Baqrat Qalstanyanı Yazıçılar İttifaqının həyətində qarşılamağa çoxsaylı yazıçılar çıxıb. Erməni yazıçılar o qədər sevincək olublar ki, özlərini belə, qiyamçı keçişin ayaqları altına “sərməkdən” geri qalmayıblar.
Revanşist keşişi və onun dəstəsinin Yazıçılar İttifaqında belə təntənəli qarşılanmasının səbəbi nədir? Ermənistan cəmiyyəti dönüb qisasçı olub?
“Revanşizmin, separatizm dalğasının ilk başlandığı yerlərdən biri məhz həmin İttifaqdır”
AYB üzvü, tanınmış şair Əli Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, 1988-ci ildə erməni separatizminin alovlanmasına, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə, əsassız ərazi iddialarına düşməsinə səbəb olanlardan biri məhz Ermənistan Yazçılar İttifaqı və onun üzvləri olub. Erməni yazıçıların hələ Sovet dövründən başlayaraq ermənilər arasında şovinzm, separatizm kimi qorxulu tendensiyalar yaydığını deyən Ə.Mahmud bildirdi ki, o vaxt Qarabağın Ermənistana qanunsuz olaraq birləşdirilməsi ideyası ilə çıxış edən təşkilatlar arasında Yazıçılar İttifaqı öndə dayanmışdı. Zori Balayan, Silva Kaputikyan kimi, daşnak yazıçıların Moskvada, Kremldə həyata keçirdikləri kampaniyalar çox acı nəticələrə səbəb oldu. Ə.Mahmud xatırlatdı ki, hətta keçən əsrin 80-ci illərinin sonlarında Moskvada keçirilən sessiyada Ermənistan Yazıçılar İttifaqının o vaxtkı sədri Vardges Petrosyan separatizmi dəstəklədiyini göstərib və revanşist, daşnakyönlü çıxışlar edib, həmin sessiyada onu məhz xalq yazıçısı Mirzə İbrahimov susdurub. O, qeyd etdi ki, M.İbrahimov həmkarını sərt şəkildə tənqid edib və bir qədim yunan misalı çəkib: “Allah adamı öldürməmişdən əvvəl onun ağlını başından alır”. Həmin dövrdə erməni yazıçılarının qeyri-humanist çağırışları, yazıları nəticəsində Qarabağda separatizmin alovlandığını deyən Ə.Mahmud qeyd etdi ki, bu gün də Ermənistanda Yazıçılar İttifaqı, yazıçılar, şairlər dağıdıcılıqla məşğul olurlar. “Baqratın Ermənistan Yazıçılar İttifaqında belə təntənə ilə qarşılanması erməni yazıçıların şovinist, separatçı mahiyyətini göstərir. Onlar öz yalanları, pafoslu çıxışları ilə həmişə erməni cəmiyyətini bəlalara yuvarlayıblar.
Qiyamçı keşişin Ermənistan Yazıçılar İttifaqında belə qarşılanması bir daha onu təsdiqləyir ki, qisasçılıq, nifaq toxumu əkən həmişə o ittifaq olub.
Ermənistan Yazıçılar İttifaqı həmişə şər, nifaq, separatizm məkanı kimi tanınıb. Revanşizmin, separatizm dalğasının ilk başlandığı yerlərdən biri məhz həmin İttifaqdır. Erməni yazıçıları qətiyyən sülhün, barışın tərəfdarı deyil. Görünür, sərhədlərin müəyyənləşdirilməsi məsələsində Paşinyana acıqları tutub. 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən sonrakı vəziyyətə görə Baş naziri qınayırlar. Ona görə də, köhnə yanlış yollarını davam etdirirlər. Görsənən odur ki, Qalstanyanla Ermənistan Yazıçılar İttifaqının niyyəti eynidir və onlar birləşib cəmiyyətdə yeni nifaq toxumları əkirlər. Bunun nəticəsi ermənilər üçün ağır olacaq”-deyə Ə.Mahmud qeyd etdi.
Müsahibimiz vurğuladı ki, Ermənistan yazıçıları sülh əleyhinə çalışmaqla, separatizmə dəstək verməklə öz cəmiyyətlərinə ziyan vururlar, onsuz da sülh müqaviləsi imzalanacaq, onların cəhdləri boşunadır.
İradə SARIYEVA