Azərbaycanın saziş mətni barədə Ermənistana son şərti açıqlandı...
Elşad Həsənov: “Bu o deməkdir ki, gələcəyə hansısa həll olunmamış məsələ qalmamalıdır”
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla keçirdiyi mətbuat konfransında Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini açıqlayıb:
“Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik. Sülh sazişi açıq məqamları olmayan, bir müddətdən sonra gündəmə danışıqlar üçün yenidən gətiriləsi məsələlər qalmayan bir sənəd olmalıdır. Açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır”.
Nazir həmçinin Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqların aparıldığını, amma detalları açıqlamayacağını vurğulayıb: “Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”.
“Ortalıqda Minsk qrupunun neqativ təcrübəsi olduğu üçün Azərbaycan işi şansa buraxmaq istəmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənovun fikrincə, bu o deməkdir ki, gələcəyə hansısa həll olunmamış məsələ qalmamalıdır: “Çünki bununla bağlı ortada acı təcrübə var. Danışıqlar ATƏT-in Minsk qrupu vasitəçiliyi ilə aparılan dövrdə faktiki olaraq heç bir iş görülmədi. Otuz ilə yaxın mənasız danışıqlar keçirildi. Həmsədrlər heç olmasa kiçik məsələlərin belə həllini təmin edə bilmədilər. Baxmayaraq ki, ildə bir neçə dəfə gedib-gəlirdilər, danışıqlar aparırdılar. Ancaq nəticə sıfır. Halbuki, ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi. Bir sözlə, bir metr ərazinin belə azad edilməsinə töhfə vermədilər. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra 2020-ci ilin dekabrında həmsədrləri qəbul edən Prezident İlham Əliyev onları sərt tənqid etdi və artıq qurumluq bir işin qalmadığını bəyan etdi. Ona görə də ortalıqda Minsk qrupunun neqativ təcrübəsi olduğu üçün Azərbaycan işi şansa buraxmaq istəmir. Bütün məsələlər sülh sazişi çəçivəsində həll edilməlidir. Azərbaycan tərəfi yaxşı bilir ki, Ermənistan toparlanandan sonra verdiyi vədləri yerinə yetirməyəcək. Məqam yaranan kimi, ondan boyun qaçıracaq. O üzdən, indidən hansısa məsələlərin açıq qalmasını istəmir. Biz tarixdən hərtərəfli dərs çıxarmalıyıq. 1923-cü ildə bolşeviklər tərəfindən süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması illər keçəndən sonra başımıza bəla oldu. Çünki ermənilərin necə hiləgər bir millət olduqlarını yaxşı bilirik. Bu səbəbdən ikitərəfli və vasitəçisiz danışıqlara üstünlük verilir. Artıq delimitasiya işləri başlayıb. Ermənistan 4 kəndin geri qaytarılmasına qərar verib. Baxmayaraq ki, revanşist qüvvələr buna ciddi müqavimət göstərirlər. Görünən odur ki, Azərbaycan prosesin sürətləndirilməsində və tamamlanmasında qərarlıdır”.
Vidadi ORDAHALLI