Hindistan da Ermənistanı tək qoydu - ümid yenə Azərbaycanın məşhur layihəsinə qaldı...
Rəsul Cahangirli: “Bu, Ermənistanın gözləntilərini arxa plana atdı”
Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.
Bu barədə “The Economic Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür. Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.
Hindistanın buna qoşulması çox mühüm hadisədir. Bu, faktiki olaraq Ermənistandan keçirilməsi nəzərdə tutulan Şimal-Cənub avtomagistral layihəsinin arxa plana keçməsidir.
“Azərbaycanın bu layihədə cazibədarlığı odur ki, əlverişli coğrafi mövqedə yerləşir və hazır nəqliyyat infrastrukturu var”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, bu, Ermənistanın gözləntilərini arxa plana atdı: “Ermənistanda ümid var idi ki, Hindistan, İran və Fransa bu ölkə üzərindən nəqliyyat dəhlizinin çəkilməsinə önəm verəcək. Nəticədə həmin ölkələr bu məqsədlə maliyyə vəsaiti ayıracaqlar. Ancaq getdikcə aydın olur ki, həmin ölkələr iqtisadi baxımdan böyük vəsait tələb edən bu yükün altına girmək istəmirlər. Hindistanla İran arasında əldə edilən razılaşmaya görə, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq bu ölkənin böyük limanlarına çatdırılacaq. Daha sonra yüklər əks istiqamətə - İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Əlbəttə ki, bu marşrutun fəaliyyətə başlaması üçün Rəşt-Astara dəmir yolunun tikilməsi vacibdir. Rusiya krediti hesabına İran bu layihəni həyata keçirir. Hindistan yükləri gəmi ilə İranın Bəndərabbas limanına daşıyacaq. Ondan sonra yüklər dəmir yolu ilə Azərbaycandan keçməklə Rusiyaya daşınacaq. Bu dəhlizin avtomobil yolunda istifadə edilir. Ancaq daşıma xərcləri baxımından ən sərfəlisi dəmir yoludur. Azərbaycanın bu layihədə cazibədarlığı odur ki, əlverişli coğrafi mövqedə yerləşir və hazır nəqliyyat infrastrukturu var. Azərbaycan bunların çoxunu reallaşdırıb. Ona görə də Hindistandan çıxan yüklərin Rusiyaya və əks istiqamətdə daşınmasını Azərbaycanın mövcud nəqliyyat xətləri ilə daşınması daha sərfəlidir. Digər tərəfdən, Azərbaycanla Gürcüstanı birləşdirən dəmir yolu da mövcuddur ki, Hindistandan çıxan yüklərin Azərbaycan-Gürcüstan dəmir yolu ilə Qara dəniz limanlarına, oradan da Avropa ölkələrinə nəqlini həyata keçirmək mümkündür”.
Vidadi ORDAHALLI