Səudiyyə şahzadəsindən qalmaqallı əmr - evini tərk etməyənlər güllələnsin....
Səudiyyə Ərəbistanında onlarla Qərb şirkətinin dəstəyi ilə inşa edilən ekoloji şəhər layihəsi "Neom" üçün səhrada işlər davam edir. BBC-nin iddiasına görə, şəhərin tikintisi üçün bölgədəki torpaq sahələrini boşaltmağa çalışan Səudiyyə rəsmiləri, təhlükəsizlik qüvvələrinə lazım gələrsə, evlərini tərk etmək istəməyənlərin güllələnərək öldürülməsi əmrini verib.
Keçmiş polkovnik Rabih Alenezi, "Neom" adlı layihə çərçivəsində The Line adlı şaquli şəhərin tikintisi üçün bölgədəki kəndlilərin evlərindən çıxarılması əmri aldığını söyləyib.
Buradakı kəndlərdə yaşayanların çoxu Huveyt tayfasından olduğu bildirilir. Alenezi tərəfindən alınan təlimatlarda Huveytlər arasında çoxlu "üsyançı" olduğu və müqavimət göstərənlərin öldürülməsi və ya güc tətbiq edilməsinə icazə verildiyi ifadə edilir.
Keçmiş polkovnik BBC-yə açıqlamasında səhhətini bəhanə edərək bu vəzifəni öhdəsinə götürmədiyini, lakin əməliyyatın baş tutduğunu bildirib. Bu əmrdən bir gün sonra evinə gələn dövlət işçilərini içəri buraxmayan Əbdürrəhim əl Huveyti güllələnərək öldürülüb. Səudiyyənin təhlükəsizlik rəsmiləri isə Əl-Huveytinin təhlükəsizlik qüvvələrinə atəş açdığını və təhlükəsizlik qüvvələrinin də cavab verməli olduqlarını açıqlayıb.
Səudiyyə hökuməti və "Neom" layihəsi rəsmiləri isə bu iddialarla bağlı sualları cavablandırmaqdan imtina ediblər.
“Neom” layihəsi "2030 Saudi Vision” adı verilən strategiyasının bir hissəsidir və dəyəri təxminən 500 milyard dollardır. Bu strategiyanın məqsədi Səudiyyə iqtisadiyyatını neft asılılığından xilas etməkdir.
"Neom" layihəsinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman "Neom"un tikiləcəyi ərazini mükəmməl “boş kətan” kimi təsvir edib.
Hökumətin açıqlamalarına görə, altı mindən çox insan bu xətt üzrə öz evini tərk edərək başqa yerlərə köçüb. Ancaq İngiltərədəki insan haqları təşkilatı ALQST-nin hesablamalarına görə, bu rəqəmin daha çox olduğu bildirilir. Tədqiq edilən peyk görüntülərində boşaldılan üç bölgədə (Əl Xurayba, Şarma və Qayal) məktəblər, evlər və xəstəxanaların xəritədən silindiyi müəyyən edilib.
TAHİR