Mirzoyan Almatıda Bayramovdan nə umduğunu açıqladı - ticarət yolları...
Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, tərəflər arasında siyasi iradə var”
Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının məhdudiyyətsiz açılması məsələsi üzrə nizamlanmanı müzakirə etmək niyyətindədir.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
“Biz nəqliyyat infrastrukturunu azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur, amma əgər varsa, Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yollar və ticarət yollarını açmaqdır”, - Mirzoyan Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Sijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymaq və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına yönəlmiş konstruktiv danışıqları davam etdirməyə hazırdır.
Bununla Mirzoyanın Almatıda Azərbaycandan əsasən ticarət yolları ilə bağlı gözləntilərinin daha çox olduğu ortaya çıxır. Bütün hallarda, onun bu açıqlamasını ekspertlər necə dəyərləndirir?
“O baxımdan ikitərəfli Almatı görüşü müsbət nəticələnəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Ermənistan xarici işlər nazirinin Almatı görüşü ilə bağlı verdiyi bu açıqlama, əlbəttə ki, pozitiv siqnaldır. Bu o deməkdir ki, Ermənistan ikitərəfli danışıqların davam etdirilməsində və Azərbaycanın şərtlərini qəbul etməkdə maraqlıdır. Eyni zamanda rəsmi İrəvan kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Çünki yollar açılmadan bu ölkənin inkişafı mümkün deyil. Sərhədlərdə dirəklər qurulur, digər işlər görülür. Görünən odur ki, danışıqlar prosesində müsbət irəliləmə var. Ancaq nəqliyyat yollarının açılması üçün ilk növbədə baza prinsipləri əsasında çərçivə sazişi imzalanmalıdır. Sülh sazişi ilə bağlı yol xəritəsi qəbul olunmalıdır. Hesab edirəm ki, bu kimi məsələləri Almatıda müzakirə etmək olar. Təbii ki, görüşdə bir sıra məsələlər müzakirə ediləcək. Lakin nəqliyyat xətlərinin tezliklə açılması müəyyən qədər vaxt aparacaq. Çərçivə sazişi imzalanandan sonra bununla bağlı konkret istiqamətlər göstərilməlidir. Həmçinin Ermənistan Azərbaycana Naxçıvana gediş-gəliş üçün təhlükəsizlik təminatı verməlidir. Orada Azərbaycan üçün imtiyazlar olmalıdır. Bunlar olmadan Azərbaycan razılaşmayacaq. Hesab edirəm ki, tərəflər arasında siyasi iradə var. Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər artıq qəbul edilib. O baxımdan ikitərəfli Almatı görüşü müsbət nəticələnəcək. Paşinyan da sonuncu mətbuat konfransında müharibə üçün artıq əsasın olmadığını bəyan etdi. Görünən odur ki, proseslər müsbətə doğru gedir və Azərbaycan bunu alqışlayır. O baxımdan güman edirəm ki, qarşıdakı görüşdə bütün məsələlər müzakirə ediləcək”.
Vidadi ORDAHALLI